İQTİSADİYYAT
Azərbaycanda 70 mindən çox KOB subyekti nəqliyyat, logistika sektorunda fəaliyyət göstərir
Bakı, 2 iyun, AZƏRTAC
Son 20 il ərzində Azərbaycanda nəqliyyat sektoruna böyük investisiyalar yatırılıb. Azərbaycan dövlət olaraq nəqliyyat infrastrukturunu yaxşılaşdırıb.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natiq Həsənov Bakıda keçirilən I Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib.
N.Həsənov əlavə edib ki, bu gün Azərbaycanda 70 mindən çox KOB subyekti nəqliyyat, anbar təsərrüfatı, logistika sektorunda fəaliyyət göstərir və bunların yaratmış olduğu əlavə dəyər 1 milyard manatdan çoxdur.
“Bu rəqəmi qənaətbəxş olaraq qəbul etmirik. Burada KOB subyektləri üçün kifayət qədər geniş imkanlar mövcuddur. Nəqliyyat layihələrində KOB subyektlərinin daha aktiv iştirakına ehtiyac var”, - deyə Natiq Həsənov vurğulayıb.