Azərbaycanda “Ana dili – qəlbin aynası” XV illik Rus dili olimpiadasının birinci mərhələsi keçirilib
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikasının məktəblərində təhsil alan 7-9-cu sinif şagirdləri arasında Azərbaycanın Bakı, Gəncə, Sumqayıt şəhərlərində və regionlarında “Ana dili – qəlbin aynası” XV illik Rus dili olimpiadasının test üsulu ilə birinci mərhələsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, olimpiadanın ikinci mərhələsi aprel-iyun aylarında esse formasında keçiriləcək, bu mərhələ çərçivəsində ümumtəhsil müəssisələrini ziyarət etməklə, Azərbaycanın şəhər və rayonlarına regional turlar təşkil olunacaq. Tədbirlərdə 1100 məktəbli iştirak edəcək.
Builki olimpiada bir neçə əlamətdar tarixlərə - “Rus dilində olimpiada” layihəsinin 15 illiyi; Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi; şair və yazıçı Mixail Lermontovun anadan olmasının 209-cu ildönümü; Azərbaycanın şair və yazıçısı Mirzə Fətəli Axundzadənin anadan olmasının 211-ci ildönümünə həsr olunub.
Rus dilində olimpiada Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universiteti və Bank “VTB-Azərbaycan”ın dəstəyi ilə keçirilir.
Xəbərin mətnində orfoqrafik səhv var