MƏDƏNİYYƏT
“Azərbaycanda Avropanı tap” adlı fotomüsabiqə elan edilib
Bakı, 21 aprel, AZƏRTAC
Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi “Azərbaycanda Avropanı tap” adlı fotomüsabiqə elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycanda mövcud olan Avropa nişanələrinə həsr edilib. İştirakçılardan fotoşəkillərin Aİ, yaxud Avropa ilə bağlı, yüksək keyfiyyətli olması tələb olunur. Bir iştirakçı yalnız bir şəkil təqdim edə bilər.
Müsabiqədə 18 yaş və yuxarı olanlar iştirak edə bilər. İştirakçılar adları, yaşları, peşələri, əlaqə məlumatı, fotoşəklin çəkildiyi yer, işin adı, onun Aİ, yaxud Avropa ilə bağlılığı barədə məlumat qeyd etməlidirlər;
Fotoşəkillər mayın 15-dək [email protected] ünvanına göndərilməlidir.
Nümayəndəlik tərəfindən seçilən münsiflər fotoşəkilin orijinallığı və yaradıcılığına, Aİ, yaxud Avropa ilə bağlılığı barədə məlumata əsasən üç qalib seçəcəklər.
İyun ayında keçiriləcək mükafatlandırma mərasimində birinci yerin qalibinə yüksək keyfiyyətli güzgülü “Canon” fotoaparatı, ikinci və üçüncü yerin qaliblərinə isə rəqəmsal fotoaparat veriləcək.