İQTİSADİYYAT
Azərbaycanda Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı aylığı keçiriləcəkdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində oktyabrın 31-də Azərbaycanda Beynəlxalq Əmanət Günü (BƏG) və onun davamı olaraq, noyabr ayı ərzində Maliyyə savadlılığı aylığı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 30-da Azərbaycanda Beynəlxalq Əmanət Günü ilə bağlı keçirilmiş tədbirdə bildirilmişdir.
Qeyd edilmişdir ki, əhalinin maliyyə maarifləndirilməsi tədbirlərinin təşkilatçıları Azərbaycan Banklar Assosiasiyası, Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF), o cümlədən bir sıra kommersiya bankları: Access Bank, AG Bank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, Pasha Bank, UniBank, RabitəBank və YapıkrediBankdır.
Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı aylığının keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici tədbirlər vasitəsilə ölkə ictimaiyyətinin maliyyə savadlılığı məsələlərinə diqqətini artırmaq və əhalidə bank sektoruna inamı gücləndirməkdən ibarətdir. Builki tədbirlərdə əsas hədəf qrupları şagirdlər və gənc ailələr olacaqlar.
Aylıq çərçivəsində bank işçiləri məktəblərdə olacaq, şagirdlərlə maarifləndirici söhbətlər aparacaq, uşaqlar arasında yarışlar, müsabiqələr keçirəcəklər. Şagirdlərə, habelə “Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası”, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi olan köynəklər, papaqlar və çantalar paylanacaqdır.
Bank filiallarında keçiriləcək “Açıq qapı” və digər tədbirlərdə ictimaiyyət nümayəndələri, məktəblilər, gənc ailələr ilə görüşlər təşkil olunacaq, bank sektoru, kreditlər, büdcə planlaşdırılması və bu kimi digər məsələlər barədə müştərilərə məlumatlar veriləcək, onların sualları cavablandırılacaq, müxtəlif kitabça və bukletlər hədiyyə olunacaqdır.
Builki Beynəlxalq Əmanət Gününə həsr olunmuş videoçarx iştirakçı bankların ATM-lərində, televiziya kanallarında və bank filiallarının tablolarında nümayiş etdiriləcəkdir.
Qeyd edək ki, 31 oktyabr-Beynəlxalq Əmanət Günü 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin iştirak etdiyi Beynəlxalq Konqresdə təsis olunmuşdur. Ölkəmizdə ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 2012-ci ildə keçirilmişdir.