ELM VƏ TƏHSİL
Azərbaycanda Birləşmiş Nüvə Tədqiqatları İnstitutu Günləri keçirilib VİDEO
Bakı, 13 oktyabr, Günel Məlikova, AZƏRTAC
Oktyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Alimlər Evində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illiyinə və bu təşkilatın Azərbaycan ilə əməkdaşlığının 25 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında Birləşmiş Nüvə Tədqiqatları İnstitutu Günləri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA ilə BNTİ arasında elmi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyib. O, Azərbaycan alimlərinin BNTİ-də fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. BNTİ-də səmərəli tədris infrastrukturunun mövcud olduğunu deyən AMEA-nın prezidenti hər iki tərəfdən ekspertlərin və işçi qrupların iştirakı ilə aparılan müsahibə və dinləmələr nəticəsində təcrübə keçmək hüququ qazanan akademiya əməkdaşlarının BNTİ-yə ezam olunduğunu bildirib.
Akademik elmi sahədə əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə görüləcək işlərin perspektivlərini müəyyənləşdirmək məqsədilə bundan sonra da davamlı olaraq görüşlərin keçiriləcəyini vurğulayıb.
Tədbirdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev “BNTİ-nin statusu və perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Alim institutun innovativ fəaliyyəti, laboratoriyalarında yaradılmış müasir maddi-texniki baza, həyata keçirilən layihələr haqqında danışıb. BNTİ rəhbəri institutun alimlərinin nüvə fizikası sahəsində apardıqları tədqiqatların nəticələrindən də söz açıb.
Sonra tədbir Azərbaycan Respublikası hökumətinin BNTİ-də səlahiyyətli nümayəndəsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədovun moderatorluğu ilə müzakirələrlə davam edib.
BNTİ-nin yüksək enerjilər fizikası laboratoriyasının müdiri, professor Vladimir Kekelidze “NICA layihəsi” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, NİCA BNTİ-də kvark-qlüon plazmasının öyrənilməsi məqsədilə yaradılmış kollayderdir. Bu kollayder vasitəsilə alimlər Böyük Partlayışdan (Big Bang) sonra Kainatın materiyasının xüsusi vəziyyətini tədqiq edəcəklər. Professor 6 ölkənin iştirak etdiyi bu layihədən böyük elmi nəticələr gözlənildiyini qeyd edib.
Sonra tədbir poster-sessiya ilə davam edib.
Tədbirdən sonra BNTİ-yə üzv ölkələrin nümayəndə heyəti AMEA-nın bəzi institutlarında olublar.
Tədbirdə BNTİ-yə üzv dövlətlərin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və AMEA-nın elmi müəssisələrinin nümayəndələri iştirak ediblər.