CƏMİYYƏT
Azərbaycanda “Eko Rəsm Gündəliyi 2014” beynəlxalq müsabiqəsinin milli mərhələsi başlanıb VİDEO
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Bakıda Heydər Əliyev Mərkəzində yarışmanın elan olunması ilə bağlı tədbir keçirilib.
Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, Təhsil Nazirliyinin və Panasonic Marketing MDB-nin (PMCIS) nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan 2013-cü ildən bu müsabiqəyə qoşulub. Yerli məktəblilər Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Panasonic Marketing MDB-nin və UNESCO-nun dəstəyi ilə bu yarışmada iştirak edirlər.
Layihənin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılması, ekoloji problemlərin həllinə yönələn fəaliyyətə uşaqların cəlb olunmasıdır.
Müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edir. 5000 ədəd xüsusi “Eko Gündəlik” sentyabrın 15-16-da müəllimlər tərəfindən şagirdlərə paylanılacaq. Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11) və orta (12-15) yaş qruplarını təmsil edən şagirdlər iştirak edə bilərlər. İştirakçılar 3 günə bölünmüş “Eko Gündəlik”də ekologiyaya dair rəsm çəkməli və onun ideyasının qısa təsvirini mətndə əks etdirməlidirlər. “Eko Gündəlik”lər sentyabrın 25-dək təhvil verilməlidir.
Layihə haqqında ətraflı məlumatı IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Müsabiqə ilə bağlı suallarla iş günləri saat 09:30-dan 18:30-a qədər (012) 497-63-16 telefona müraciət etmək olar.
Təqdim edilən “Eko Gündəlik”ləri IDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNESCO, Panasonic Marketing MDB, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Final mərhələsinə vəsiqə qazanan 20 (hər yaş qrupu üzrə 10) iştirakçı mükafatlandırılacaq. Finalçılardan bir nəfər milli qalib elan olunacaq və onun “Eko Gündəliy”i layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bütün ölkələrin milli qalibləri arasından ən yaxşı “Eko Gündəlik”lər seçiləcək.
Xatırladaq ki, ötən il yarışmanın milli mərhələsində 3032 məktəbli iştirak edib. Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov milli qalib seçilib.
Beynəlxalq “Eko Rəsm Gündəliyi” müsabiqəsi 6 ildir keçirilir və artıq 50-dən çox ölkəni əhatə edir.