REGİONLAR
Azərbaycanda Elm Gününün təsis edilməsi elmə, alimə verilən yüksək dəyərin təzahürüdür
Şəki, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə Elm Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə AMEA Şəki Regional Elmi Mərkəzindən məlumat verilib.
Bildirilib ki, konfransı Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsinin dövlətimizin başçısının elm sahəsinə göstərdiyi qayğının, alimə verdiyi yüksək dəyərin təzahürü olduğunu vurğulayıb. Mərkəzin direktoru daha sonra Şəki Regional Elmi Mərkəzdə aparılan elmi-tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında Regional Mərkəzin üzərinə düşən mühüm vəzifələrdən söz açıb. Yusif Şükürlü elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması və istedadlı gənclərin elmə cəlb olunması istiqamətində görülən işləri, əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru Rafiq Rəsulov çıxışında dünyanın bir sıra ölkələrində Elm Gününün qeyd olunmasından, Azərbaycan alimlərinin ölkə və dünya elminə verdiyi töhfələrdən bəhs edib.
Konfransda AMEA Şəki Regional Elmi Mərkəzin (REM) və ADPU Şəki filialının alimləri və əməkdaşlarının təqdimatında “İnsan beyninin möcüzələri və süni intellekt modelləri”, “Şəki REM-in əməkdaşlarının elm tutumlu nəticələri və dünya elminə inteqrasiyasında onların rolu”, “İnformasiya bolluğu, onun sistemləşdirilməsi və elm haqqında qeyri-səlis düşüncələr”, “Azərbaycan elminin inkişafında AMEA Şəki REM-in rolu”, “XVIII-XIX əsr balakənli elm xadimləri”, “Qlobal iqlim dəyişkənliyi və onun doğura biləcəyi ekoloji fəlakətlər”, “XIX-XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikrinin inkişafında Zaqatala alimlərinin rolu”, “Azərbaycan dövlətinin gənclər siyasəti və gənc alimlərin elmin inkişafında rolu” mövzularında məruzələr dinlənilib. Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın sonunda elmi, elmi-pedaqoji və elmi-təşkilatı fəaliyyətində fərqlənən Şəki REM-in və ADPU-nun Şəki filialının bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edilib.