CƏMİYYƏT


Azərbaycanda İİV/QİÇS və Hepatitlərlər üzrə milli proqramların qiymətləndirmə missiyası həyata keçirilib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanda İİV/QİÇS və Hepatitlər üzrə Milli proqramlarının qiymətləndirməsi missiyası keçirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, missiya çərçivəsində ÜST-nin Avropa üzrə regional ofisinin və sözügedən sahələr üzrə əməkdaşlıq etdiyi mərkəzlərin nümayəndələrindən və beynəlxalq məsləhətçilərdən ibarət ekspert qrupu İİV/QİÇS və Hepatitlər üzrə proqramların diaqnostika, müalicə, profilaktika tədbirləri daxil olmaqla hərtərəfli qiymətləndirməsini həyata keçirib.

Qeyd edilib ki, qiymətləndirmə prosesinin birinci mərhələsində ekspert qrupu distant formatda hər iki sahə üzrə təqdim olunan sənəd, hesabat və protokolları nəzərdən keçirərək təhlil edib.

Ölkəyə səfəri zamanı missiyanı həyata keçirən ekspertlər Səhiyyə Nazirliyi, QİÇS-lə mübarizə üzrə Mərkəz, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Tibb Universitetinin müxtəlif kafedraları, hepatit komitəsi, Elmi-Tədqiqat Ağ Ciyər xəstəlikləri və Mama-Ginekologiya institutları, Respublika Narkoloji Mərkəzi, Qan Bankı, Hemodializ mərkəzi, Respublika Perinatal Mərkəzində görüşlər keçirib və ətraflı müzakirələr aparıblar, eyni zamanda, ekspertlər Ədliyyə Nazirliyinin penitensiar müəssisələrini ziyarət edib və Lənkəran rayonuna səfər ediblər.

Missiyanın ölkəyə səfərinin yekunu olaraq keçirilən debrifinqdə missiya qrupu İİV və hepatitlər üzrə dövlət proqramlarının qiymətləndirməsinin nəticələrini və tövsiyələrini bölüşüb. Debrifinq zamanı ekspertlər milli proqramların İİV və hepatitlər üzrə Regional Fəaliyyət Planına uyğun təkmilləşdirilməsini tövsiyə ediblər. Onlar ölkədə QİÇS və hepatitlərin eliminasiyasına nail olmaq üçün bütün imkanların mövcudluğunu vurğulayıb və bu missiyanın ÜST-nin bu sahədə texniki dəstəyinin bir hissəsi olduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.