CƏMİYYƏT


Azərbaycanda “Könüllülük həftəsi”nə başlanılıb

Azərbaycanda “Könüllülük həftəsi”nə başlanılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə dekabrın 1-də “Azərbaycan Könüllülük Həftəsi-2022”yə start verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həftə ərzində respublikanın şəhər və rayonlarında 20 mindən çox könüllünün iştirakı ilə “ZəfərimİZ” və “TəbiətimİZ” aksiyaları, “Könüllülük sərhəd tanımır” sosial layihəsi, “BiliyimİZ” intellektual yarışı, “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” və “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” həyata keçiriləcək.

Həftə çərçivəsində ilk fəaliyyət bu gün Bakı şəhərində 2500 nəfər Azərbaycan könüllüsünün iştirakı ilə keçirilən “ZəfərimİZ” aksiyası olub. Aksiya çərçivəsində Birinci Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət edilib. Könüllülər, ilk növbədə ulu öndər Heydər Əliyevin, daha sonra Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımızın məzarları önünə gül dəstələri düzüb, onların xatirəsini dərin ehtiramla yad ediblər.

Aksiya zamanı könüllüləri, rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını da ziyarət ediblər. Ziyarət zamanı “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan!”, “Vətənin Könüllüsüyəm!” kimi şüarlar səsləndirən könüllülər daim dəmir yumruq kimi birləşərək Vətənimizin xidmətində olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, 2018-ci ildən başlayaraq Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə hər ilin dekabrında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilməkdədir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülülüyün gənclərin arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.