CƏMİYYƏT


Azərbaycanda “Məsuliyyətli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlanılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatı və “Carlsberg Azerbaijan” “Məsuliyyətli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə məsuliyyətli sürücülük və məsuliyyətli istehlak üzrə təşviqat fəaliyyətləri istiqamətində “ASAN Könüllüləri” Təşkilatı və “Carlsberg Azerbaijan” şirkəti arasında uzunmüddətli əməkdaşlığa start verilib. Əməkdaşlıq çərçivəsində qeyd olunan istiqamətdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Quba regionlarında yaşayan vətəndaşlar arasında, eləcə də rəqəmsal mühitdə maarifləndirmə işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyyəsinin artımının ölçülməsi üçün sorğu fəaliyyətləri icra olunacaq.

Görüşdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək bildirib: “Biz hər zaman “ASAN Könüllüləri” Təşkilatı olaraq könüllülərimizlə birlikdə müxtəlif ekoloji, humanitar və sosial istiqamətlərdə tədbirlər və layihələr həyata keçiririk. Bu gün son dövrlərdə artan nəqliyyat hadisələrinə diqqət cəlb etmək məqsədilə bu tipli sosial maarifləndirmə tədbirlərinin icra edilməsini vacib hesab edirik”.

“Carlsberg Azerbaijan” şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi qeyd edib: “Biz məsuliyyətli istehlak məsələsinə böyük diqqət ayırır, GBRD (Global Beer Responsibility Day) təşəbbüsündə yaxından iştirak edirik. Bu təşəbbüs çərçivəsində “Məsuliyyətli istehlak və Məsuliyyətli Sürücülük” istiqamətində bir sıra layihələr həyata keçirilib. “ASAN Könüllüləri” Təşkilatı ilə isə mövcud olan ekoloji istiqamətlərdə əməkdaşlığımızı yeni müstəviyə daşımaq və gənclər arasında məsuliyyətli istehlak təbliğatına töhfə vermək arzusundayıq”.

Tədbirdə iştirak edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə yol təhlükəsizliyi hadisələrində baş verən qəzaların səbəbinin içkili halda nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olduğunu bildirib. Xüsusilə bu istiqamətdə ölkəmizdə əhalinin məlumatlılığının artırılmasına ehtiyac olduğunu qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.