Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək layihəsinin önəmi müzakirə olunub
AzerTAg.az
Bakı, 23 iyun, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Mərkəzi Asiya üzrə subregional koordinatoru ilə görüşüb.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, DMX-nin rəisi Vüsal Hüseynov və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Mərkəzi Asiya üzrə subregional koordinatoru Zeynal Hacıyev arasında keçirilən görüşdə beynəlxalq əlaqələrin dərinləşməsi istiqamətində müzakirələr aparılıb.
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin də iştirak etdiyi görüşdə hazırda BMqT ilə əməkdaşlıq şəraitində dörd beynəlxalq layihə ilə bağlı fəaliyyətin uğurla icra olunduğu diqqətə çatdırılıb. Vüsal Hüseynov “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsinin önəmindən bəhs edib.
Xidmət rəisi həmçinin qeyd edib ki, ölkəmiz Miqrasiya üzrə Qlobal Paktın səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi ötən ay Nyu-York şəhərində keçirilmiş ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda fəal iştirak edib.
Səmimi görüşdən məmnunluğunu ifadə edən Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi Zeynal Hacıyev BMqT-nin Mərkəzi Asiya regionunda fəaliyyəti, eləcə də müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.


Xəbərin mətnində orfoqrafik səhv var