İDMAN
Azərbaycanda Paralimpiyaçı Könüllülər Hərəkatının yaradılması istiqamətində işlərə başlanılıb VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Mayın 13-14-də Bakıda keçiriləcək Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının (IBSA) paracüdo üzrə Qran-Pri yarışına hazırlıq prosesində bizə dəstək verən dövlət qurumlarına və digər təşkilatlara minnətdarlığımızı bildiririk. Bu mötəbər yarışın təşkil olunması işində fəal dəstəyinə görə Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Azərbaycan Milli Olimpiya Komitəsinə, Azərbaycan Cüdo Federasiyasına və Bakı Nəqliyyat Agentliyinə təşəkkür edirik.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov mötəbər yarışa hazırlıqla bağlı təşkil olunan mətbuat konfransında deyib.
“Qran-Priyə hazırlıq prosesinin işıqlandırılmasında yüksək fəallığına, eləcə də mötəbər yarışa media tərəfdaşlığına görə İctimai Televiziyaya, “ASAN Radio”ya və Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a), o cümlədən tədbirlərimizi işıqlandıran digər kütləvi informasiya vasitələrinə təşəkkürümüzü bildiririk”, - deyə İ.Rəhimov diqqətə çatdırıb. AMPK-nın prezidenti vurğulayıb ki, Qran-Pridə iştirak etmək üçün indiyədək 29 ölkə müraciət edib. Ümumilikdə 228 idmançının iştirakı ilə bağlı ərizələr daxil olub. Yarışlarda 40-dək ölkədən 350-yə yaxın idmançının iştirak edəcəyi proqnozlaşdırılır. Qran-Pridə Azərbaycanı 7 çəki dərəcəsində 13 kişi, 6 çəki dərəcəsində isə 11 qadın idmançı təmsil edəcək.
AMPK-nın prezidentinin sözlərinə görə, yarışın açılış mərasimi də təntənəli olacaq: “Bununla bağlı komitə möhtəşəm fləş-mob hazırlayır. Fləş-mobun hazırlanmasında biz könüllülərin, eyni zamanda, fiziki məhdudiyyəti olan vətəndaşlarımızın xidmətlərindən də yararlanacağıq. Fləş-mobun keçirilməsində Əsa Teatrının yardımından da faydalanacağıq”. İ.Rəhimov, həmçinin qeyd edib ki, biz bu turnirə təkcə idman yarışı deyil, həm də fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiya olunması istiqamətində mühüm iş kimi də baxırıq. Biz istəyirik ki, bu yarış paralimpiyaçılarımızın, ümumilikdə fiziki məhdudiyyəti olan vətəndaşlarımızın bayramına çevrilsin. Elə bu səbəbdəndir ki, biz fiziki məhdudiyyəti olan şəxsləri də bu yarışın təşkilati işlərinə cəlb etmişik. Eyni zamanda, Paralimpiyaçı Könüllülər Hərəkatının yaradılması istiqamətində işlərə başlamışıq. Yarışların açılış mərasimində və digər təşkilati işlərdə fiziki məhdudiyyəti olan şəxslərin də xidmətindən faydalanacağıq. Bu bir daha sübut edəcək ki, fiziki məhdudiyyətli şəxslər cəmiyyət həyatında tam şəkildə iştirak edə bilirlər”.
IBSA-nın cüdo üzrə idman direktoru Yanoş Tardoş dəvət üçün təşəkkürünü bildirərək deyib: “Bakı cüdo iştirakçıları ilə çox məşhurdur. Yüksək səviyyədə keçirilmiş tədbirlərlə paytaxtınız fəxr edə bilər. Keçən il ən yüksək səviyyədə keçirilmiş dünya çempionatını qeyd etmək istərdim. Nəzərə almaq lazımdır ki, bu, əlilliyi olan insanların idman növüdür. Cüdo ən tanınmış növlərdən biridir. Qaydalar demək olar ki, cüdo idman növü ilə eynidir”.
Qonaq Bakıda olduğu müddətdə Qran-Prinin keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksindəki hazırlıq prosesi ilə tanış olub. Bundan əlavə, Y.Tardoş idmançıların tibbi təsnifatı üçün görülən işləri təftiş edib.
Tədbirdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, AMPK-nın birinci vitse-prezidenti Natiq Qasımov, vitse-prezident, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, baş katib Kamal Məmmədov, cüdo növü üzrə kişilər və qadınlardan ibarət milli komandanın baş məşqçiləri İbrahim İbrahimov və Ramin İbrahimov iştirak ediblər.
Sonda jurnalistlərin sualları cavablandırılıb.