CƏMİYYƏT


Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Tədbirdə məruzə ilə çıxış edən ombudsman Elmira Süleymanova Ümumdünya Əhali Gününün yaranma tarixi barədə danışıb. Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, əhali inkişafının qlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqada keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə məlumat verib. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilib. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir.

Milli Məclisin deputatı İlham Məmmədov ölkəmizdə əhalinin sağlamlığının qorunması, demoqrafik inkişaf, aparılan islahatlar, insanların rifahının yaxşılaşmasına yönəlmiş qanunvericilik bazası və sair barədə məlumat verib. O, həmçinin ombudsmanın insan hüquqları sahəsində fəaliyyətindən, onun təşkil etdiyi silsilə maarifləndirmə tədbirlərindən bəhs edib.

Sonra konfransda müxtəlif rayonların təmsilçilərinin çıxışları və təklifləri dinlənilib.

Yekunda interaktiv şəkildə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kampaniya çərçivəsində növbəti konfrans Qubada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.