CƏMİYYƏT
Azərbaycanda Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılmış Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr Beynəlxalq Qız Övladları Günü kimi qeyd olunur. Belə bir gündə bu cür tədbirin məhz burada keçirilməsi təsadüfü deyil. Çünki qızlar onların inkişafı, təhsili, iqtisadi-sosial həyatda özünə yer tutması, bərabər imkanlar çərçivəsində hüquqlarının qorunması, bütün dünyada, beynəlxalq təşkilatların, demokratik dövlətlərin arzusu, istəyi, vəzifə və öhdəliyidir.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Hacı Zeynalabdin Tağıyev öz həyatında, fəaliyyətində təhsilin vacibliyini, xüsusilə qadınların, qızların, təhsil almasının əhəmiyyətini anlamışdı. 1901-ci il oktyabrın 7-də Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi yaradılıb. Məhz bu məktəbin məzunları Azərbaycan xalqının həyatında, onun maariflənməsində böyük rol oynayıblar. Qadınların cəmiyyətə inteqrasiyasının yeganə yolu təhsildir. Ölkəmizdə qızların təhsilə cəlbi ilə bağlı vacib addımlar atılır.
Bahar Muradova, eyni zamanda, oktyabrın 10-da “Gender bərabərliyinin təminatları haqqında” Qanunun qəbulundan 15 il keçdiyini söyləyib. Bildirib ki, bu Qanunun əsas məqsədi bütün cinsi ayrı-seçkiliyi aradan qaldıraraq iqtisadi, siyasi, sosial sahələrdə qadınlara və kişilərə bərabər imkanlar yaratmaq idi. Bu Qanunun icrası ilə əlaqədar ötən ildən başlayaraq parlamentdə hesabatlar təqdim olunur. Bu da Azərbaycanda sözügedən istiqamətdə görülən işlərin nəticələri, gender bərabərliyinin vəziyyətinə dair məlumatları ictimaiyyətə çatdırmaq imkanı verir.
Tədbirin əhəmiyyətindən danışan təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qızlar Məktəbinin açılması birmənalı olaraq Azərbaycan tarixində qadınların təhsil alması üçün böyük imkanlar yaradıb. Sevindirici haldır ki, tariximizə baxdıqda belə bir əlamətdar günümüz var. 120 il əvvəl bir qızın məktəbə getməsi bəlkə də möcüzəvi, ağlagəlməz, cəmiyyətin bütün üzvləri tərəfindən birmənalı qəbul edilməyəcək hadisə idi. Lakin bu gün qürurla qeyd edə bilərik ki, indi Azərbaycanda qız uşaqlarının 90 faizdən çoxu təhsil ala bilir. Burada heç bir hüquqi maneə yoxdur. Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik.
Təhsil naziri diqqətə çatdırıb ki, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir. Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərirlər. Həmçinin qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətən daha yaxşıdır.
Ali məktəblərə qəbul zamanı ixtisasların qız və oğlanlar arasında paylanmasında müəyyən uyğunsuzluğun olduğunu söyləyən Emin Əmrullayev deyib ki, kişilərə aid edilən ixtisaslarda qızların sayı hələ də aşağı səviyyədədir. Bu da bizi ciddi müzakirə aparmağa sövq edir. Bu sahədə də bərabərliyi təmin edilməsi arzuolunandır.
Sonra çıxış edən Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli bildirib ki, bu məktəb müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırılmasının, Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoyub. Qızların təhsili üçün yaradılmış bu məktəb sonradan təhsilimizin indiki səviyyəyə çatmasına gətirib çıxarıb.
Tədbirdə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov, Bakı Dövlət Universitetinin müəllimi, Tarix elmləri doktoru Lətifə Əliyeva, tarixçi-araşdırmaçı Fuad Axundov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxış ediblər.
Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə 2021-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş, aztəminatlı ailələrdən olan qızlara dəstək göstərmək məqsədilə “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına qoşulmuş özəl sektor nümayəndələri, eyni zamanda, tarixçilər, dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.