İQTİSADİYYAT


Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Oktyabrın 9-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə “Rəqəmsal ticarət forumu: İpək Yolunun rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əsasən İpək Yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə mövzusu olunacaq. Tədbirdə diqqəti çəkən məqamlardan biri də dünyada ilk e-Rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryusun iştirakıdır. O, konfransda Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verəcək. Tədbirdə, həmçinin ilk dəfə olaraq dövlət-özəl tərəfdaşlığı sazişinin mobil imza ilə imzalanması planlaşdırılır.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, Azərbaycanda artıq üçüncü il belə bir tədbirin təşkil edilməsi ölkəmizdə elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökumət və kibertəhlükəsizlik sahələrində inkişafı göstərir: “Prezident İlham Əliyevin ölkədə informasiya və kommunikasiya sahəsinə verdiyi diqqətin nəticəsi olaraq Azərbaycan artıq regionda lider dövlətlər sırasındadır. Təsadüfi deyil ki, Azərbaycan dünyada Estoniyadan sonra elektron rezidentlik verən ikinci, mobil rezidentlik verən ilk dövlətdir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı dünyada yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, qeyri-rezidentlər üçün elektron xidmətlər və müxtəlif ölkələr ilə trans-sərhəd əməliyyatları təqdim edən yeganə platformadır”.

Qeyd edək ki, “AzərTelecom”, “Best Solutions”, “Caspian Audit” şirkətlərinin dəstəyi və “Paşa Bank”ın sponsorluğu ilə keçiriləcək Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid üçüncü beynəlxalq konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-dək nümayəndə iştirak edəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi konfransla bağlı hazırlıqları davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.