İQTİSADİYYAT
Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması nəzərdə tutulur
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlayıb. Nazirlik özəl toxumçulara texnika və avadanlıqlar alınmasında yardım göstərəcək.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində toxum sektorunun, o cümlədən özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxumtəmizləmə avadanlıqlarının alınmasında maliyyə dəstəyi göstəriləcək.
Artıq regionlarda özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb.
Bu məqsədlə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, eləcə də Dövlət Toxum Fondunun, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları Bərdə, Qəbələ və Quba rayonlarında fermerlər və toxumçularla görüşlər keçiriblər.