İQTİSADİYYAT


Azərbaycanda “Yeni nəsil rəqəmsal imza” təqdim edilib

Bakı, 11 fevral, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə “SİMA” adı altında bulud əsaslı “Yeni nəsil rəqəmsal imza” hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq fevralın 11-də rəsmi şəxslərin, tərəfdaş şirkətlərin, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yeni imzanın ilkin versiyasının təqdimat tədbiri keçirilib. Bulud əsaslı “Yeni nəsil rəqəmsal imza”nın üstünlükləri, eləcə də imzanın yaradılması zamanı istifadə olunan texnologiyalar haqqında geniş məlumat verilib. “SİMA”nın biznes həlləri, o cümlədən brend daşıyıcıları iştirakçılara təqdim olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı həyata keçirilən layihələrə toxunaraq vurğulayıb ki, “SİMA” görülən işlərin tərkib hissəsidir.

Müşavir qeyd edib ki, yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.

Rəşad Bayramov yeni yaradılan məhsulun Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcəyini, onlayn xidmətlərdən istifadəni təşviq edəcəyini deyib.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov yaxın zamanda vətəndaşların istifadəsinə veriləcək “SİMA”nın hər kəs üçün əlçatan olacağını ifadə edib.

Elxan Əzizov bildirib ki, mobil tətbiq vasitəsilə işləyən “SİMA”nı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

Məhsulun innovativliyinə toxunan qurum rəhbəri əlavə edib ki, “SİMA” rəqəmsal transformasiyanın bütün qollarını – dövlət, əhali və biznes istiqamətlərini əhatə edir.

Tərəfdaş şirkətlər – “SVORT”un Biznesin inkişafı üzrə müşaviri Kamal Əliyev və “Sinam”ın prezidenti Elçin Əliyev çıxışlarında dövlət-özəl tərəfdaşlığının səmərəliliyindən danışıblar.

Qeyd olunub ki, layihədə iştirak özəl şirkətlərə rəqəmsal imza yaratmaqda böyük təcrübə qazandıracaq və “SİMA”nın inkişafı üçün “AzInTelecom”la birgə fəaliyyət davam etdiriləcək.

Daha sonra “AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev yeni məhsulla bağlı geniş məlumat verərək, “üztanıma”, “açıq açar” və bulud texnologiyalarını özündə birləşdirən “SİMA”nın biometrik autentifikasiyaya əsaslandığını bildirib. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.

“SİMA”nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. “SİMA”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Tədbirdə yeni nəsil rəqəmsal imzanın əldə edilmə proseduru canlı şəkildə nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.