MƏDƏNİYYƏT


Bakıda innovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq məsələləri müzakirə edilib

Bakı şəhəri, 26 oktyabr AZƏRTAC

Oktyabrın 26-da “British Council Azərbaycan”ın təşkilatçılığı ilə Avropa İttifaqının “Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində Daş salnamə muzeyində “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına diqqəti cəlb etməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyənləşdirməkdən və marağı olan tərəflər üçün tövsiyələr verməkdən ibarətdir.

Tədbirdə “British Council Ukrayna”nın direktoru Simon Uilyams layihənin əhəmiyyəti və üç il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, hazırda yaradıcılıq sektoru iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biridir. Avropa İttifaqı ölkələrində ÜDM-in 4,2 faizi onun payına düşür, gəlirin məbləği isə 535,9 milyard avro təşkil edir. Mədəniyyət və yaradıcılıq sahələrində çalışan avropalıların sayı yeddi milyondan çoxdur. Bu göstərici Avropa İttifaqı ölkələrinin iqtisadi fəal əhalisinin 3,3 faizini təşkil edir.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə layihə çərçivəsində görülən işlərdən danışıb. Respublikada mədəniyyət və yaradıcılıq məsələlərinə böyük önəm verildiyini vurğulayan V.Eyvazzadə Azərbaycanın muğam, aşıq, tar ifaçılığı sənətlərinin, Novruz bayramının, xalçaçılıq, kəlağayı sənətinin, Lahıc misgərlik sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb. Diqqətə çatdırıb ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində mədəniyyət abidələri dağıdılıb. Gələcəkdə qaçqın və məcburi köçkünlərin bu cür layihələrə cəlb edilməsi faydalı olardı.

Tədbirdə “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə layihənin tərəfdaşı kimi görülən işlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, məqsəd gənclərin ümumi potensialını üzə çıxarmaqdır.

Vurğulanıb ki, Azərbaycanda yaradıcı iqtisadiyyat kifayət qədər fəal şəkildə inkişaf etməkdədir. Yaradıcılıq assosiasiyalarının sayı artır, aktual incəsənət növləri sahəsində xüsusi art-layihələr həyata keçirilir, yeni fərdi qalereyalar istifadəyə verilir. Aydındır ki, hər bir ölkədə kreativ sənayenin inkişafı özünəməxsus ssenari üzrə gedir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və yaradıcılıq” proqramının eksperti Raqnar Siilin qeyd etdiyi kimi, Azərbaycan böyük mədəni potensiala malikdir: “Mədəniyyət və yaradıcılıq sahələri yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma səbəb olduğundan, şəhər və regionların inkişafına imkan yaratdığından, innovasiyaları dəstəklədiyindən, təhsilin, sosial inteqrasiyanın və həyatın keyfiyyətini yaxşılaşdırdığından dünyadakı bütün ölkələr üçün əhəmiyyət kəsb edir. Azərbaycan yaradıcı peşəkarlardan və istedadlı gənclərdən tutmuş zəngin mədəni irsə və fəal mədəni həyata qədər bütün istiqamətlərdə böyük potensiala malikdir. Əsas məsələ bu resursları rəqabətədavamlı və dayanıqlı mədəniyyət və yaradıcılıq sahələrinə çevirməyin yolunu axtarıb tapmaqdan ibarətdir”.

Foruma Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Avropa İttifaqının nümayəndəliyinin və “British Council”un təmsilçiləri, aparıcı avropalı ekspertlər, yaradıcı sahibkarlar, rəssamlar, mədəniyyət menecerləri və başqaları olmaqla 120-dən çox insan dəvət edilib.

Forumun iştirakçıları Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsi ilə tanış olublar. Habelə beynəlxalq mütəxəssislər qabaqcıl təcrübə barədə məlumat veriblər.

Tədbir çərçivəsində Azərbaycan üçün əhəmiyyət kəsb edən “YUNESKO-nun mədəniyyətin inkişafı üçün müəyyən etdiyi göstəricilərin araşdırılmasının nəticələri” və “Azərbaycanda yaradıcılıq sahələrinin inkişafına dair tövsiyələr - imkanlar və problemlər” araşdırmalarının nəticələri təqdim edilib.

Forumda Azərbaycanın mədəniyyət və yaradıcılıq sahələrinin inkişafında müşahidə olunan uğurlu, yerli təcrübələr, o cümlədən maliyyələşdirməyə və tərəfdaşlara ehtiyac duyan yeni layihələr təqdim olunub.

“M Group Production”ın təsisçisi, məşhur şoumen Murad Dadaşov, Azərbaycan Milli İncəsənət Muzeyinin innovasiyalar və beynəlxalq münasibətlər şöbəsinin müdiri, Azərbaycanın “Kəlağayı” və “Buta” brendlərinin yaradıcısı Əminə Məlikova və “RED Communications” şirkətinin (Azərbaycan) təsisçisi Tatyana Mikayılova həyata keçirdikləri uğurlu layihələrdən danışıblar.

“İçərişəhər” mərkəzinin baş direktoru Əsmər Abdullayevanın qeyd etdiyi kimi, Forum çərçivəsində ayrı-ayrı universitetlərin tələbələri üçün “TeamLab” təlimi keçirilib. “Başlıca məqsəd təcrübəli mentorların nəzarəti altında yaradıcı biznes sahəsində unikal layihənin işlənib hazırlanmasından ibarət olub. Qruplar müxtəlif peşələrin nümayəndələrindən təşkil edilib. Əsas məsələ onların hər birinin layihəyə töhfə verməsinə nail olmaqdan ibarət idi. Ən önəmlisi isə bu layihənin lazımi qaydada və operativ şəkildə həyata keçirilməsi barədə məlumat vermək idi. Ən uğurlu üç layihə Forumda təqdim edilib”, - deyə əlaqələndirici və Forumun spikeri Ə.Abdullayeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.