İQTİSADİYYAT
Azərbaycanda ağır metallurgiya sənayesinin yaradılması və inkişaf etdirilməsi üçün gənc mütəxəssislər hazırlanır
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin işçi qrupunun Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim heyəti və tələbələrlə görüşü olub.
AZƏRTAC xəbər verir ki, "Azərbaycan Polad İstehsalı Kompleksi" (APİK) və Təhsil Nazirliyi arasında bağlanmış memorandum çərçivəsində təşkil olunan görüş "Sənayedə müasir texnologiyaların tətbiqi və təhsildə yüksək mühəndis kadrların hazırlanması paralelliyi" mövzusuna həsr olunub.
AzTU-nun prorektoru, professor Mustafa Babanlı təmsil etdiyi ali məktəbdə metallurgiya sənayesi üçün yüksəkixtisaslı kadr hazırlığı sahəsində görülən işlərdən və gənc mütəxəssislərin məşğulluq problemlərindən danışıb.
“Azərbaycan Polad İstehsalı Kompleksi”nin idarəetmə üzrə müşaviri Əzim Əzimov qeyd edib ki, Azərbaycanda ağır metallurgiya sənayesinin yaradılması və inkişaf etdirilməsi, bu sahənin qısa müddət ərzində ölkənin qeyri-neft sektorunun aparıcı seqmentlərindən birinə çevrilməsi APİK-in qarşısına qoyulmuş başlıca vəzifədir. QSC bu vəzifənin icrasının təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirir.
Əməkdaşlıq memorandumunun əhəmiyyətini vurğulayan Ə.Əzimov bildirib ki, bu sənəd çərçivəsində Azərbaycanda və eləcə də bir sıra xarici ölkələrdə mütəxəssislərin yetişdirilməsi, tələbələrlə görüşlərin təşkili və təhsil müəssisələri ilə sıx əməkdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulub. Əməkdaşların xarici ölkələrə ixtisasartırma kurslarına göndərilməsi, təcrübəli ekspertlərin dəvət olunması, təcrübə mübadiləsinin aparılması prioritet məqsədlərdəndir.
Görüşdə Azərbaycan Polad İstehsalı Kompleksinin yüksəkixtisaslı peşəkar kadrlarla təmin edilməsi, Azərbaycanda dağ-mədən sənayesi və polad istehsalı sahələri üçün gənc mütəxəssislərin hazırlanması, onların nəzəri-praktiki biliklərə yiyələnməsindən də danışılıb.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.