SİYASƏT
Azərbaycanda alman irsinin qorunub saxlanması ölkə rəhbərliyinin tolerantlıq siyasətinin bariz nümunəsidir
Bakı, 15 may, AZƏRTAC
Almaniyanın Passau şəhərində “Rusiya almanları – onların həyatı və fəaliyyətinə postsovet arxivləri şahidlik edir” mövzusunda ikinci beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Passau Universitetində keçirilən konfrans “Şərqi Avropanın yeni və ən yeni tarixi və mədəniyyəti” kafedrası və Almaniyanın Mədəniyyət və Kütləvi İnformasiya Vasitələri üzrə Federal Təşkilatı ilə birgə təşkil edilib.
Tədbirdə Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan və Özbəkistanın ali məktəblərinin və tədqiqat institutlarının professor-müəllim heyətinin nümayəndələri, tarixçi-tədqiqatçılar, arxiv işçiləri iştirak ediblər.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi, professor Həcər Verdiyeva məruzə ilə çıxış edib. O diqqətə çatdırıb ki, XX əsrin sonlarında yenidən müstəqilliyini qazanan Azərbaycan tolerantlıq ənənələrini əsas götürərək, ölkədə olan alman abidələrini bərpa edir və qoruyur. H.Verdiyeva onu da vurğulayıb ki, multikultural Azərbaycanın tərkib hissəsi olan alman laylarının mühafizəsi ilə bağlı görülən tədbirlər ölkə rəhbərliyinin apardığı tolerantlıq və multikulturalizm siyasətinin bariz nümunəsidir və Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamı bu reallığı təsdiqləyir. Məruzədə ölkəmizin arxivlərində saxlanılan sənədlərdə Azərbaycan tarixinin alman səhifələrinə aid maraqlı faktların olduğu göstərilib, sovet hakimiyyətinin ilk illərində, XX əsrin əvvəllərində Ağstafa ərazisində salınmış, alman “bala” koloniyalarından biri Yelizavetinkada alman kolonistlərinin yaşadığı sosial-siyasi şəraitindən bəhs edilib.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Müzakirələr zamanı məlum olub ki, Qazaxıstan Respublikasının arxivlərində Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR-dən Qazaxıstana deportasiya olunmuş almanlar haqda qiymətli sənədlər saxlanılır.