İQTİSADİYYAT
Azərbaycanda alternativ enerji mənbələrindən istifadə sahəsində böyük proqramlar var
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Prezidentinin də dediyi kimi, öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İstilik Elektrik Stansiyası elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. Lakin 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transformatorunda baş verən qəza nəticəsində təxminən min kiloqrama yaxın yağ ətrafa axmışdı, yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb olmuşdu. Nəticədə bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, iki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işləri sürətlə aparılıb. Əsas diqqət həm də “Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokunun yenidən qurulmasına yönəlib. Blokların təbii təsirlərdən qorunması və ən əsası da itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Bunun nəticəsidir ki, Azərbaycan elektrik idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib.
Aydın Hüseynov vurğulayıb ki, Mingəçevirdəki stansiyanın bərpası, modul sistemlərinin yaradılması, böyük elektrik gücünə malik şəbəkələrin, qurğuların, stansiyaların inşası bu sahədə görülən işlərə nümunədir. Bundan başqa, alternativ enerji mənbələrinin, külək, bioenerji, Günəş enerjisindən istifadə sahəsində böyük proqramlar var. İndi Azərbaycanın enerji ehtiyatları öz tələbatını iki dəfəyə yaxın üstələməkdədir.
Prezident İlham Əliyevdən sitat gətirən deputat bildirib ki, Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı.
Qeyd edilib ki, stansiyada yenidənqurma işləri aparılarkən ölkəyə elektrik enerjisinin verilişi bir dəqiqə də olsun dayanmayıb. Bütün işlər paralel olaraq yerinə yetirilib. Yanğın təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərilib.
“Azərbaycan” İES ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Stansiyada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür”, - deyə o əlavə edib.