İQTİSADİYYAT
“Azərbaycanda alternativ enerjinin inkişafına dəstək” layihəsi ilə bağlı bir neçə komponent icra olunub
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABEMDA) Avropa İttifaqı və Norveç hökuməti tərəfindən maliyyələşdirilmiş “Azərbaycanda alternativ enerjinin inkişafına dəstək” layihəsinin yekununa həsr edilən seminar keçirilib. Layihə BMT İnkişaf Proqramı və Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən icra olunub.
AZƏRTAC xəbər verir ki, layihənin direktoru və ABOEMDA-nın sədr müavini Cəmil Məlikov layihə haqqında tədbir iştirakçılarını məlumatlandıraraq, onun iqtisadi əhəmiyyətindən söz açıb.
Tədbirdə həmçinin, beynəlxalq təşkilatların nümayəndələri və layihənin icrasında bilavasitə əməyi olan mütəxəssislər onun komponentləri üzrə hesabatlarla çıxış ediblər.
Qeyd edək ki, sözügedən layihənin həyata keçirilməsinə 2011-ci ildən başlanılıb və bir neçə komponent üzrə icra olunub. Bu komponentlərə pilot kiçik su elektrik stansiyasının tikintisi, alternativ enerji sahəsi üzrə ictimaiyyətin və hədəf qruplarının maarifləndirilməsi, bərpa olunan enerji mənbələri üzrə ölkə qanunvericiliyinin və institusional bazanın təkmilləşdirilməsi, külək, günəş və bioenerji layihələri üzrə pilot layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması daxildir.
C.Məlikov nəzərə çatdırıb ki, layihənin əsas nəticəsi kimi gücü 580 kilovat olan Şəki SES-in tikilib işə salınmasını, ABOEM sahəsində 9-10-cu sinif şagirdlərinin tədrisinə yönəlmiş müəllimlər üçün metodik vəsaitinin hazırlanaraq Təhsil Nazirliyinin reyestrinə salınmasını, müvafiq sahə üzrə kitabların çapı və paylanmasını və ABOEM haqqında qanun layihəsinin hazırlanmasını göstərmək olar.
Seminar iştirakçılarına həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti və perspektivləri, eləcə də ABOEM-in inkişafını əks etdirən sənədli film nümayiş etdirilib.