İQTİSADİYYAT


Azərbaycanda analoqu olmayan hidrokulerlərin istehsalına başlanılıb

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanda ilk dəfə olaraq “Agro Systems Manufacturing” MMC tərəfindən dünyada analoqu olmayan hidrokulerlərin istehsalına başlanılıb.

Bu barədə Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində məhsullarını nümayiş etdirən şirkətin baş direktoru Köçəri Həsənov AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi kollektiv 2017-ci ildən Azərbaycanda kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə əlaqədar araşdırma aparıb və bu sahədə müəyyən işlər görməyə başlayıb. Kənd təsərrüfatı sektorunda, xüsusilə meyvələrin saxlanması məsələləri ilə bağlı müəyyən işlər görməyə qərar verilib və nəticədə yeni bir hidrokuler istehsal olunub: “Bizim istehsal etdiyimiz hidrokuler çəyirdəkli meyvələrin dərildikdən sonra sürətlə dəymə prosesinin qarşısını alır. Məsələn, gilas dərildikdən sonra onda 4 saat ərzində sürətlə dəymə prosesi gedir və öz şirəsini çəyirdəyinə verməyə başlayır. Bu, həmin meyvəni istehlakçılara təqdim etməyə maneə olur”.

Şirkət rəhbərinin sözlərinə görə, artıq bu meyvələrin çəyirdəyini 2 dərəcəyə qədər soyutmaqla onların saxlanma müddətini 5-6 dəfə artırmaq mümkündür. Hazırda bu avadanlığı İtaliya, Niderland, Almaniya, Türkiyə, Sloveniya istehsal edir. Azərbaycan isə hazırda bu hidrokulerləri istehsal edən 7-ci ölkədir.

Ölkəmizdə istehsal edilən hidrokulerin üstünlüklərindən danışan K.Həsənov deyib: “Çox uzun araşdırmalardan sonra bu sistemdə inqilabi dəyişikliklər edildi. Sistemdə istifadə edilən materialların innovativ texnologiyalara söykənmiş tətbiqini tapdıq və onun soyutma sistemlərini tamamilə dəyişdik. Bu, dünyada analoqu olmayan bir sistemdir. Hazırda yalnız bizim şirkətin eksklüziv sifarişi ilə hazırlanan soyutma sistemləri imkan verir ki, saatda 5 ton deyil, 10 ton meyvə soyuda bilək və suyun hərarətini 5-6 dərəcədə deyil, 0,5 dərəcədə stabil saxlayaq”.

Şirkət rəhbəri vurğulayıb ki, müəssisə sınaq məqsədilə 6-cı hidrokuleri də istehsal edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.