ELM VƏ TƏHSİL


Azərbaycanda aparılan arxeoloji tədqiqatlarla bağlı elmi məruzə dinlənilib

Bakı, 14 iyun, AZƏRTAC 

AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti iclasında akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, iclasda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova arxeologiya və etnoqrafiya elminin nailiyyətlərinin, tədqiqatların perspektivlərinin, problemlərin həllinə dair innovativ təkliflərin AMEA rəhbərliyinin daim diqqət mərkəzində olduğunu söyləyib.

Tarix elmləri doktoru Nəcəf Müseyibli məruzəsində son illər Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan arxeoloji tədqiqatlar əsasında əldə edilən nailiyyətlərdən söz açıb. Bildirib ki, Azərbaycanın yazı meydana gəlməsindən əvvəlki dövrü, həmçinin region barədə yazılı məlumatların yetərincə olmadığı antik və ilk orta əsrlər dövrü barədə məlumatlar yalnız arxeoloji tədqiqatlar hesabına əldə edilir. Azərbaycan ərazisinin məskunlaşması, xalqımızın etnogenezinin ən erkən dövrü barədə yalnız arxeoloji tədqiqatlar zəminində təsəvvür əldə edilə bilər. Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il zaman çərçivəsində qəbul edilirdisə, məhz arxeoloji tədqiqatlar nəticəsində vətənimizin tarixinin iki milyon ilədək izlənilməsi mümkün olub. “Prezident İlham Əliyevin qayğısı və dəstəyi sayəsində son illər Azərbaycan arxeologiyasında istər kəmiyyətcə, istərsə də keyfiyyətcə yeni inkişaf mərhələsi başlanıb”, – deyə Nəcəf Müseyibli vurğulayıb.

Daha sonra məruzəçi paleolit, neolit, xalkolit, tunc və erkən dəmir dövrləri, antik və ilk orta əsrlər, həmçinin klassik orta əsrlər dövrü arxeologiyası üzrə son illər aşkarlanan çoxsaylı abidələr, tədqiqatların elmi yenilikləri barədə məlumat verib. O, həmçinin milli arxeologiya elminin qarşısında açılan yeni tədqiqat üfüqləri və perspektivlərə toxunub. Vurğulayıb ki, müasir dünya elminin standartları arxeologiya elminin artıq digər elmlərin qovşağında olan multidissiplinar sahəyə transformasiyasını tələb edir. Hazırda geoarxeoloji, paleobotanik, arxeozooloji, paleoantropoloji, radiokarbon və s. multidissiplinar araşdırmaları genişləndirmədən arxeologiya elminin gələcək inkişafını təsəvvür etmək çətindir.

Sonra məruzə ilə bağlı suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.