CƏMİYYƏT


Azərbaycanda aparılan dövlət siyasəti ölkənin inkişafına və vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir

Bakı, 11avqust, Səadət Hakıyeva, AZƏRTAC

Koronavirus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edildikdən sonra Azərbaycan dövlətinin istər qlobal həmrəylik, istərsə də əhalinin sosial rifahı ilə bağlı həyata keçirdiyi ardıcıl siyasət dünya miqyasında örnək göstərilir. Ölkəmizdə pandemiyadan irəli gələn sosial-iqtisadi problemlərin əhaliyə, iqtisadiyyata təsirinin minimuma endirilməsi ilə bağlı tədbirlər və bu istiqamətdə göstərilən dövlət dəstəyi yüksək səviyyədə təşkil edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Azərbaycanın koronavirusla mübarizədə nümunəvi ölkələrdən olduğunu diqqətə çatdıran Q.Paşayeva deyib: “Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 əsas istiqamət üzrə 12 tədbir öz əksini tapıb. Aprelin 17-də isə yeni dəstək tədbirləri ilə əlaqədar 600 milyon manat vəsait ayrılıb. Plan üzrə ayrılan vəsaitin ümumi həcmi təqribən 3,5 milyard manat təşkil edib. Bu tədbirlər sayəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqı qorunub saxlanılıb. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz vətəndaşı əhatə edən (aylıq 190 manat) birdəfəlik ödəmə proqramı icra olunub və bu proses davam etdirilir. İşini itirən vətəndaşların dəstəklənməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması qərarına uyğun olaraq, artıq 65 min insan əmək müqaviləsi ilə ictimai işlərə cəlb edilib, 20 minədək vətəndaşın işsizlikdən sığorta ödənişi ilə əhatə olunması prosesi aparılır. Bundan başqa, məşğulluq imkanlarının genişləndirilməsi, özünüməşğulluq proqramı çərçivəsində 12 min ailə (təqribən 50 min nəfər) üçün kiçik təsərrüfatların yaradılması işləri aparılır”.

Deputat bildirib ki, dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq 85 min ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib. Pandemiyaya görə elan olunmuş karantin müddətində 100 minədək aztəminatlı ailəyə ərzaq yardımı çatdırılıb. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı artıb.

Ünvanlı sosial yardım alan ailələrin də sayının artdığını da diqqətə çatdıran komitə sədri deyib: “Belə ailələrin sayı artaraq 15 mindən 85 minə çatıb. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub. Prezident İlham Əliyev iyulun 14-də “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Beləliklə, ölkə üzrə ümumilikdə 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 24,09 faiz çoxdur. Cari ildə 743 min nəfərə sosial müavinət və təqaüd üçün 475 milyon manat ayrılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,6 faiz çoxdur".

Qənirə Paşayeva qeyd edib ki, həyata keçirilən sosial-iqtisadi siyasət milyonlarla böyük vəsait tələb edir. Bu vəsaitin əldə olunması isə şübhəsiz ki, düzgün və düşünülmüş dövlət idarəçiliyinin, düzgün iqtisadi siyasətin nəticəsidir. “Necə deyərlər, vaxtında yığılmış vəsait olmasaydı, bu gün xərcləri qarşılamaq, yaxud da dövlət dəstəyi zərflərini qəbul etmək ya mümkün olmazdı, ya da çox çətin olardı. Biz bu gün digər ölkələrdən fərqli olaraq, beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət etməmişik, öz gücümüz hesabına problemləri həll edə bilirik. Dövlət büdcəmiz, dövlətin malik olduğu maliyyə resursları, yığımlar qarşıdakı aylarda əhalinin sosial müdafiəsini təşkil etməyə imkan verir”, - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən dövlət siyasəti ölkəmizin davamlı inkişafı və vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir. Azərbaycanın hər bir vətəndaşının problemlərinin mümkün olan ən qısa zamanda və ən yaxşı şəkildə həlli dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. “Qlobal pandemiyanın təhdidləri hələ davam edir. Belə vəziyyətdə ölkəmizdə dövlətin malik olduğu resurslardan səmərəli, məqsədyönlü istifadə sahəsində Azərbaycan modeli yaranıb. Bu modelin müəllifi Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir”, - deyən Qənirə Paşayeva vurğulayıb ki, məhz ölkəmizdə aparılan müdrik siyasət nəticəsində vətəndaşlarımız pandemiyadan maksimum şəkildə qoruna bildi. Sosial sahədə atılan mütərəqqi addımlar Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.