ELM VƏ TƏHSİL


“Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb YENİLƏNİB

Bakı, 27 iyun, AZƏRTAC 

İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların əhəmiyyətindən danışan alim əsas məqsədin bu istiqamətdə aparılan araşdırmaları müasir elmi tələblər səviyyəsinə çatdırmaq olduğunu bildirib.

Direktor müavini vurğulayıb ki, Prezident İlham Əliyevin arxeologiya elminin inkişafı ilə əlaqədar imzaladığı sərəncamlar əsasında son on ildə institut respublikanın bölgələrində genişmiqyaslı tədqiqatlar aparıb, elmə məlum olmayan yüzlərlə abidələri aşkara çıxarıb.

Ötən müddətdə həyata keçirilən arxeoloji tədqiqatlardan danışan məruzəçi qeyd edib ki, Mingəçevir su anbarı ətrafında aparılan araşdırmalar zamanı yaşı 1 milyon ildən artıq olan daş alətlər tapılıb, bununla da ilk dəfə olaraq bu vaxta qədər yalnız Qarabağdakı Azıx mağara düşərgəsində təmsil olunan “Quruçay” arxeoloji mədəniyyətinin daha geniş arealda yayıldığını müəyyənləşdirən bu mədəniyyət beynəlxalq elmi ictimaiyyətdə qəbul edilib. İlk dəfə olaraq Qax və Zaqatala rayonları ərazisində yaşı 450-500 min il olan mağara tipli ibtidai insan düşərgələri məlum olub.

Tədbirdə beynəlxalq elmi səciyyə daşıyan istiqamətlərdən biri olan Xalkolit/Eneolit dövrünə aid Leylatəpə arxeoloji mədəniyyət abidələrinin tədqiqindən bəhs edən alim söyləyib ki, bu araşdırma o dövrdə Azərbaycan ərazisindəki cəmiyyətlərin Şimali Mesopotamiya-Şərqi Anadolunun qədim sivilizasiyaları ilə eyni mədəni ənənələr mühitində inkişaf etdiyini göstərir.

Məruzəçinin sözlərinə görə, “Böyük İpək Yolu” beynəlxalq ticarət yolları üzərində yerləşən son Antik və Orta əsrlər Azərbaycan şəhərlərində aparılmış arxeoloji qazıntılar zamanı Çin, Hindistan, Orta Asiya, İran istehsalı olan çoxsaylı tapıntılar – məişət və bəzək əşyalarının aşkarlanması tarixi “Böyük İpək Yolu” ticarətində Azərbaycanın fəal iştirakçı olduğunu sübut edir.

Arxeologiyanın multidissiplinar tədqiqatların aparılması üçün geniş imkanlar yaratdığını deyən Nəcəf Müseyibli bu elm sahəsinin geologiya, kimya, botanika, zoologiya kimi dəqiq elmlərlə vəhdətdə inkişaf edəcəyini söyləyib: “Arxeoloji qazıntılar zamanı abidənin yerləşdiyi sahənin və aşkar edilmiş daş alətlərin, bir sıra mineralların geoloji xüsusiyyətlərinin araşdırılmasında geoloq mütəxəssislərin bilik və təcrübəsindən istifadə etmək lazım gəlir. Bütün bunlar, arxeoloji abidələrə təsir göstərən təbii-fiziki prosesləri tədqiq edən “geoarxeologiya” adlı multidissiplinar istiqamətin yaranmasına səbəb olub”. Alim diqqətə çatdırıb ki, paleobotanik araşdırmalar əsasında arxeoloji abidənin əmələ gəldiyi qədim dövrün müəyyən mərhələsində bölgənin bitki örtüyü və iqlimi barədə informasiya əldə edilir, paleozooloji tədqiqatlar arxeoloji mərhələdə yayılmış heyvan növlərini müəyyən edir, insan sümükləri vasitəsilə qida rasionunun, xəstəliklərin, ölüm səbəblərinin öyrənilməsinə imkan yaradır. Bundan əlavə, qədim insanların kəllə sümükləri əsasında onların antropoloji tipi müəyyənləşdirilir ki, bu da etnogenez tarixinin tədqiqi üçün böyük əhəmiyyət kəsb edir.

Sonra mövzu ətrafında çıxış edənlər fikir və təkliflərini səsləndiriblər. Məruzə AMEA Rəyasət Heyətinin qərarı ilə bəyənilib, mövzu ilə bağlı müvafiq qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.