İQTİSADİYYAT
Azərbaycanda bərpa olunan enerjidən istifadə miqyası genişlənir
Bakı, 21 noyabr, AZƏRTAC
BMT postsovet ölkələrində bərpa olunan enerjidən istifadəyə keçilməsinə kömək edir.
AZƏRTAC xəbər verir ki, BMT radiosunda səslənmiş reportaj belə adlanır. Reportajda qeyd edilib ki, postsovet ölkələrinin çoxu bərpa olunan enerji mənbələrindən istifadə edilməsi sahəsində böyük potensial imkanlara malikdir, lakin hələlik qlobal miqyasda bu mənbələrdən istifadə dərəcəsi yarım faizdən çox deyil. BMT Avropa İqtisadi Komissiyasının (AİK) ekspertləri tərəfindən regionun 17 ölkəsində aparılmış ilk tədqiqatın nəticələri belədir. Məruzə Parisdə iqlim məsələlərinə həsr edilmiş sammitdə təqdim olunacaq.
BMT AİK-in enerjinin effektivliyinə dair proqramının rəhbəri Oleq Dzyubinski BMT radiosuna müsahibəsində deyib ki, praktiki olaraq bütün ölkələrdə bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə şərait yaradan siyasət işlənib hazırlanıb.
“Bu ölkələrin bərpa olunan enerjidən daha fəal istifadə etməsinə nə mane olur?” sualının cavabında proqramın rəhbəri belə bir fikir söyləyib ki, bu vəziyyət, ola bilsin, investisiyalar problemi ilə bağlıdır. O deyib: “Bərpa olunan energetika başlanğıc mərhələdə investisiya tələb edir. Bu vəsaitlər ya daxili mənbələrdən alınmalı, ya da beynəlxalq bazarlarda bu istiqamətdə iş aparılmalıdır. Hələlik bu sahədə ciddi, böyük uğurlar yoxdur. Bunun üçün investorların məhz bu məqsədlə həmin ölkələrə gəlməsinə şərait yaradan xüsusi proqramlar hazırlanmalıdır”.
O.Dzyubinski külək və günəş enerjisindən, fotoelektrik stansiyalarından, bioqazla, biokütlə ilə işləyən qurğulardan istifadə edilməsinin hansı postsovet ölkələrində daha geniş yayılması barədə söhbət açaraq Azərbaycanın və Qazaxıstanın adını çəkib.
“BMT həmin ölkələrə bu sektor üçün investisiyalar cəlb olunmasında kömək edə bilərmi?” sualının cavabında isə O.Dzyubinski deyib ki, BMT bu istiqamətdə iş aparır. O xatırladıb ki, 2030-cu ilə qədər olan dövrdə davamlı inkişafın hədəfləri, o cümlədən energetika sahəsində hədəflər bu il sentyabrın axırlarında qəbul edilib. Bu çərçivədə bərpa olunan energetika hədəfi də nəzərdə tutulur. AİK-in davamlı energetika komitəsi çərçivəsində bərpa olunan energetika üzrə ekspertlər qrupu AİK regionuna daxil olan 17 ölkədə - Şərqi Avropa, Rusiya Federasiyası, Qafqaz və Mərkəzi Asiya ölkələrində bərpa olunan energetika sahəsində vəziyyət barədə hesabat hazırlanmasına cavabdehdir.