İQTİSADİYYAT
Azərbaycanda bərpaolunan enerji potensialının ən böyük olduğu regionlar müəyyən edilib
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycanda bərpaolunan enerji potensialının ən böyük olduğu regionlar müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyətinə dair 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Bildirilir ki, ölkənin alternativ və bərpaolunan enerji potensialı qiymətləndirilərək, enerji potensialının ən böyük olduğu regionlar müəyyən edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi enerji potensialını ümumilikdə 5540 meqavat olmaqla, müxtəlif alternativ enerji növləri üzrə qiymətləndirin və geniş hesabat hazırlayıb.
Bərpaolunan enerji qurğularının ən uyğun formalarının və yerlərinin seçilməsinə dair qərar vermək məqsədilə maliyyə və mənfəət-zərər təhlilləri aparılıb. Aparılmış təhlil və əsaslandırmalarda mövcud elektrik enerjisi tarifləri ilə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının investorlar üçün mənfəətli olub-olmadığı əks etdirilir. Bərpaolunan enerji mənbələri stansiyalarının tikintisinə dair xarici şirkətlərin təqdim etdikləri texniki-iqtisadi əsaslandırmada stansiyaların mənfəətlə işləməsi şərtləri açıqlanıb.
ABOEM xətti ilə 2018-2020-ci illərdə gücü 420 meqavat nəzərdə tutulan stansiyaların tikiləcəyi ərazilər, güclər, qoyulacaq investisiya məbləği və tələb olunan digər məlumatlar müəyyənləşdirilib.