İDMAN
Azərbaycanda beynəlxalq gənclər düşərgəsi təşkil ediləcək
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) ilə birgə avqustun 16-da və 23-də Azərbaycanda beynəlxalq gənclər düşərgəsi təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, marşrutqurma və bələdçilik üzrə təşkil olunacaq düşərgəsi Qusarın Ləzə kəndində qurulacaq.
İdman qayayadırmanması sahəsində təcrübəsi olan 50 yerli və xarici idmançı bir həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnəcək. Eyni zamanda, iştirakçılar Azərbaycanın təbii gözəlliyi, ölkənin dağçılıq turizminin inkişaf perspektivləri və mövcud potensialı ilə yerində tanış olmaq imkanı qazanacaq.
Gürcüstan, İran, Türkmənistan, Macarıstan, Türkiyə, Dağıstan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq səviyyəli təlimçiləri tərəfindən keçiriləcək.
Tədbirdə FAİREX-in üzvləri, dağ idman növlərinə marağı olan gənclər fəal iştirak etməklə ölkədə qısa zamanda populyarlaşan dağçılıq idmanının inkişafına töhfə verəcəklər.
Düşərgədə Ümumdünya Dağçılıq Federasiyasının vitse-prezidenti Piter Farkasın iştirakı da gözlənilir.