ELM VƏ TƏHSİL
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Bakıda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə “Vahid pəncərə sistemi əsasında vətəndaşlara əlçatan, şəffaf və səmərəli dövlət xidmətlərinin göstərilməsi” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində təşkil olunan tədbirdə vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar funksiyaları yerinə yetirən müxtəlif dövlət orqanlarının struktur bölmələri, eləcə də tərəfdaş ölkələrin bu sahədə fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak edirlər.
Tədbirin keçirilməsinin məqsədi “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin nümayəndələrinə Azərbaycanda dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən yeniliklər, vətəndaşların dövlət qurumlarına inamının artırılması və “bir pəncərə” prinsipi əsasında dövlət qurumları tərəfindən göstərilən xidmətlər barədə ölkəmizin təcrübəsini paylaşmaqdır. Həmçinin “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin müvafiq sahədə təcrübəsi barədə yerli iştirakçıları məlumatlandırmaqdır.
Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində ortaq tarixi keçmişə malik olan dövlətlərin əməkdaşlığını davam etdirməsinə dəstək verən bu cür səmərəli alətin yaradılmasına və bugünkü tədbirin təşkilinə görə Avropa İttifaqına minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, son dövrlərdə “bir pəncərə” sistemi Azərbaycanda kifayət qədər rəğbət və populyarlıq qazanıb. Belə tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini araşdıraraq gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.
Avropa İttifaqının Bakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu müvafiq platformanın Azərbaycanda qurumların fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Vurğulanıb ki, qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bəzi xidmətlərin təşkilində “bir pəncərə” prinsipinin elementlərindən istifadə etməklə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti yüksələ bilər.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Fərəh Acalova digər ölkələrin müvafiq sahədə təcrübəsini öyrənmək baxımından tədbirin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Seminar ölkəmizdə “bir pəncərə” prinsipini tətbiq edən qurumların nümayəndələrinin, eləcə də Ukrayna, Belarus, Gürcüstan və Moldova təmsilçilərinin çıxışları ilə davam edib.