İQTİSADİYYAT
“Azərbaycanda biznes fəaliyyətinin aparılması imkanları” mövzusunda seminar Yaponiya iş adamları tərəfindən maraqla qarşılanmışdır VİDEO
Tokio, 15 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və Yaponiyanın PEMS (Program for Emerging Market Specialist) təşkilatının birgə təşkilatçılığı ilə Tokioda “Azərbaycanda biznes fəaliyyətinin aparılması imkanları” mövzusunda təqdimat keçirilmişdir. Təqdimatda Yaponiyanın 20-dək şirkətinin nümayəndələri və mütəxəssislər iştirak etmişlər.
Azərbaycanın Yaponiyadakı səfirliyinin ikinci katibi Rövşən Mirzəyev əvvəlcə ölkəmizin iqtisadiyyatı haqqında danışmış, aparıcı sahələr, makroiqtisadi göstəricilər və son illər müşahidə olunan dinamik inkişaf barədə iştirakçılara ətraflı məlumat vermişdir. Sürətli inkişaf yolu tutmuş Azərbaycanda ənənəvi enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi diqqətə çatdırılmışdır. Azərbaycana sərmayə qoyuluşu üçün əlverişli investisiya mühitinin mövcud olduğu, bu məqsədlə bütün zəruri qanunverici sənədlərin qəbul edildiyi bildirilmişdir.
Azərbaycanın uğurla həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələri haqqında iştirakçılara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəəti ölkə iqtisadiyyatının tərəqqisinə bacarıqla yönəltməsi nəticəsində Azərbaycan görünməmiş sürətlə inkişaf edir. Dünya Bankının və digər beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirdiyi vurğulanmışdır.
Əlverişli biznes mühitinin yaradılması istiqamətində ölkəmizin son illərdə mühüm irəliləyişə nail olması və bir çox inkişaf etməkdə olan ölkələri qabaqladığı dinləyicilərin diqqətinə çatdırılmışdır. Qanunvericilik sahəsində islahatlar, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi və xarici investorlar üçün sadələşdirilmiş prosedurlar haqqında məlumat verilmiş, “Vahid pəncərə” sisteminin tətbiqinin sahibkarlığın təşviqində əhəmiyyətli rolu qeyd olunmuşdur.
Sonda iştirakçıların sualları cavablandırılmış, Yaponiyanın informasiya texnologiyaları sahəsində məhsullarının ölkəmizə ixracı və Azərbaycanın kənd təsərrüfatı mallarının Yaponiyaya ixracı ilə bağlı bir sıra təkliflər səsləndirilmişdir. Bu haqda konkret təkliflərin səfirlik tərəfindən əlaqələndirilməsinin mümkünlüyü iştirakçıların nəzərinə çatdırılmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio