REGİONLAR
Azərbaycanda bu günədək 460 min hektar sahədə taxıl biçini aparılıb
Bakı, 20 iyun, AZƏRTAC
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 20-nə olan operativ məlumata görə, ölkə ərazisində 460 min 56,95 hektar ərazidə taxıl biçini aparılıb, 279 min 485,6 hektar ərazidə arpa, 180 min 571,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə isə bu günədək ölkə üzrə 1 milyon 432 min 433,1 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,1 sentner təşkil edir.
Bərdə, Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Göyçay və Balakən rayonlarında arpa biçini başa çatıb. Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, Ucar, Füzuli rayonlarında arpa biçini başa çatmaq üzrədir. Biləsuvar ərazisində arpa əkilmiş 14 min 900 hektar sahənin 14 min 870 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha təşkil edir.
Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8468 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə olunub.