REGİONLAR
Azərbaycanda bu günədək bir milyon tondan çox taxıl yığılıb
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycanda taxıl biçini davam edir. İyunun 19-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 33,5 faizində biçin başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, biçilmiş 338 min 188 hektar sahədən 1 milyon 53 min 514 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,1 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,4 sent/ha, buğda üzrə orta məhsuldarlıq 33,2 sent/ha təşkil edir.
Artıq ölkə üzrə 369303,7 hektar arpa sahəsinin 256 min 695 hektarında biçin başa çatıb. Sahələrdən bu günədək 762 min 932 ton arpa yığılıb. 10 rayonda arpa biçini tam başa çatıb.
Operativ məlumata görə, bu gün biçin prosesində 1644 kombayn iştirak edir. Bunlardan 581-i “Aqrolizinq”in biçin gedən rayonlarda aqroservislərin balansında olan kombaynlarıdır. “Aqrolizinq” tərəfindən digər rayonlardan biçin prosesinə əlavə 151 kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 912 kombayn cəlb olunub.
Qeyd edək ki, bu il Azərbaycanda 1 milyon 10 min 218 hektar sahədə payızlıq taxıl əkilib.
Biçin davam edir.