CƏMİYYƏT


“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda forum keçirilib

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də də Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda forum keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanda ov fəaliyyəti və onun biomüxtəlifliyə təsirləri”, “Dünyada qabaqcıl ovçuluq təcrübələri və Azərbaycanda imkanlar”, “Məsuliyyətli ov və ya moratorium” sessiyaları xarici və yerli mütəxəssislərin təqdimatı, maraqlı müzakirələr və təkliflərlə yadda qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə hazırda ölkəmizdə ovçuluğa münasibətdə fikir ayrılığının mövcud olduğunu bildirib: “Vətəndaşların bir qismi ovçuluğun məşğuliyyət növü kimi tərəfində olsalar da, bəziləri onu qeyri-humanist fəaliyyət adlandırırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə həm ovçuların hüquqlarının müdafiəsi, həm də təbiətin mühafizəsi üçün ortaq məxrəc yaratmağa çalışır. Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib. Ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, mövcud qaydalara, limitlərə əməl etməlidir”.

Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov “Azərbaycanda ovçuluğun biomüxtəlifliyə təsiri” mövzusunda təqdimatla çıxış edib, ov qaydalarına əməl olunmamasının bioloji müxtəlifliyə vurduğu zərərlərdən danışıb.

Forumda çıxış edən və ilk dəfə Azərbaycanda olduğunu deyən bolqarıstanlı mütəxəssis Petar Yanakiyev bildirib ki, o, ov, heyvanların yaşama yerləri və populyasiya idarəetməsi ilə məşğuldur: “Təbiət öz-özünə tənzimləmə mexanizminə malikdir. Əgər populyasiyanın sıxlığı imkan verirsə, həmin ərazidə davamlı və dayanıqlı ov fəaliyyəti ilə məşğul olmaq mümkündür. Bu zaman vəhşi təbiətə ziyan vurmamaq və yaşama yerlərini dağıtmamaq əsas şərtdir. Ovçular düşünmədən atəş açmamalı, ov qanunvericiliyinin tələblərinə ciddi riayət etməlidirlər. Bolqarıstanda ov fəaliyyəti ilə məşğul olmaq üçün uzunmüddətli təlim və treninqlər aparılır. Azərbaycanlı ovçulara ova qənimət kimi deyil, istirahət kimi baxmalarını tövsiyə edirəm. Ov bir elm, məsuliyyət və istirahətdir”, - deyə P.Yanakiyev bildirib.

Almaniyalı mütəxəssis Hartmut Müller 12 ildən çoxdur ölkəmizdə fəaliyyət göstərdiyini qeyd edib. Azərbaycan təbiətinin zənginliyini xüsusi vurğulayan xarici ekspert ölkəmizdəki kortəbii ov hallarına görə təəssüfləndiyini bildirib. Brakonyerliyin aradan qaldırılması məqsədilə bəzi dəyişikliklərin vacibliyini diqqətə çatdıran mütəxəssis bunun davamlı və qanuni ov mədəniyyətinin formalaşacağına kömək edəcəyini ifadə edib.

IDEA İctimai Birliyinin nümayəndəsi Surxay Şükürov, Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Elşad Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nümayəndəsi Səbinə Bünyadova və digər çıxışçılar ölkəmizdəki ov fəaliyyətindən, məsuliyyətli ovdan danışıb, ovçuları təbiətə laqeyd münasibət bəsləməməyə, qaydalara əməl etməyə səsləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.