SİYASƏT
Azərbaycanda dövlət qulluğunda çalışanların orta yaş həddi 43-dür
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanda dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 43 ildir. 35-44 yaşda olan dövlət qulluqçuları 26,3 faiz təşkil edirsə, 63-64 yaşda olanlar cəmi 2,9 faizdir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun “Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir” adlı məqaləsində qeyd edilib.
“Bütövlükdə Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir. Bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür”, - deyə məqalədə bildirilir.