REGİONLAR
Azərbaycanda dövlət və din münasibətləri ən yüksək inkişaf səviyyəsindədir
Lənkəran, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 10-da Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın dövlət siyasəti olan dini dözümlüyün, milli-mənəvi dəyərlərin və tolerantlıq nümunələrinin düzgün şəkildə gənclərə təbliğ etməkdir.
Onlayn tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq region gəncləri arasında humanizm və sülhsevərlik dəyərlərinin təbliği istiqamətində müsbət addımların atıldığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə çıxışında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən, Azərbaycanda müxtəlif dinlər üzrə ibadət yerlərinin mövcudluğundan danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında qeyd edib ki, dövlət başçısının bütün sahələrdə olduğu kimi, bu sahəyə də göstərdiyi qayğı nəticəsində ölkəmizdə dövlət və din münasibətləri ən yüksək inkişaf səviyyəsindədir.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan gənclərinin mübarizliyindən, təşəbbüskarlığından və sülhsevərliyindən danışaraq, ölkəmizin müstəqilliyinin qorunmasında məhz vətənpərvər gənclərin xüsusi rolu olduğunu diqqətə çatdırıb.