CƏMİYYƏT
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” tvinninq layihəsinin yekunlarına dair tədbir keçirilib.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirakçılara layihənin nailiyyətləri və əsas nəticələri haqqında məlumat verilib. Qeyd olunub ki, 30 ay davam edən layihə təqribən 1,4 milyon avro büdcəyə malikdir.
Tvinninq layihəsinin Azərbaycanda ətraf mühitin, xüsusilə də hava keyfiyyətinin monitorinqinin yaxşılaşdırılmasına öz töhfəsini verdiyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, layihənin məqsədi strateji ekoloji siyasətin planlaşdırılması və uyğunluğa nəzarəti dəstəkləyən yüksək keyfiyyətli məlumatların təmin edilməsi ilə ekoloji monitorinq sisteminin gücləndirilməsi olub.
Layihənin benefisiar qurumu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, üzv dövlət qurumları isə Finlandiya Meteorologiya İnstitutu, Finlandiya Ətraf Mühit İnstitutu, Avstriyanın Ətraf Mühit üzrə Agentliyi, Latviya Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzidir.