İQTİSADİYYAT
Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi tədbirlərinə maraq göstərilir
Bakı, 14 aprel, AZƏRTAC
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” İşçi Qrupunun “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, müvafiq nazirliklər, DGK, aidiyyəti dövlət qurumları və özəl sektorun nümayəndələri iştirak ediblər.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev qeyd edib ki, iclas 2022-ci ilin birinci rübü ərzində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələrə həsr olunub.
Diqqətə çatdırılıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi məqsədilə xüsusi “Yol Xəritəsi” hazırlanaraq təsdiq olunub.
V.Şıxəliyev “Yol Xəritəsi”nin hazırlanmasında tematik qrupların gərgin əmək sərf etdiklərini, sənəddə konkret hədəflərin müəyyənləşdirilməsi və qarşıda duran məsələlərlə bağlı dərin təhlillər aparılmasının uğurlu nəticələr əldə olunması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
İclas zamanı özəl sektor tərəfindən ekoloji nəqliyyat vasitələri ilə bağlı hazırlanmış xüsusi “Yol Xəritəsi”nin cari ilin birinci rübü ərzində icra vəziyyəti barədə təqdimat olub. Təqdimatda bu sahənin təşviqi məqsədilə təbliğat və maarifləndirmə istiqamətində görülmüş işlər barədə ətraflı məlumatlar verilib. Dövlət-biznes dialoqu çərçivəsində digər özəl sektor nümayəndələrinin də bu layihəyə maraq göstərdikləri diqqətə çatdırılıb.
Görülən işlərin davamı olaraq, “Yol Xəritəsi”nin icrası çərçivəsində bankların vəsaitləri hesabına elektrik mühərrikli və hibrid avtomobillərin alınması üçün güzəştli şərtlərlə kreditlərin verilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasına müvafiq təklif və tövsiyələrin verildiyi deyilib.
Daha sonra, “Yol Xəritəsi” sənədinin 2-ci əsas istiqaməti olan ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanmasına dair bəndin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət qurumlarına (İqtisadiyyat, Ədliyyə, Maliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə) təqdim edildiyi qeyd olunub.
Layihənin yekun mətni formalaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Səməd Qaralov gündəlikdə duran məsələlərin xüsusi əhəmiyyət daşıdığını bildirib və gömrük orqanları tərəfindən görülən işlərdən danışıb.
Sonra iclasın gündəliyindəki məsələlərlə bağlı müzakirələr aparılıb.
Altqrupun nəzdində yaradılmış 4 tematik qrupların rəhbərləri olan DGK, Energetika Nazirliyi, Mərkəzi Bank və həmçinin özəl sektorun nümayəndələri təqdimatlarla çıxış edərək bu ilin birinci rübü ərzində görülən işlər barədə məlumat veriblər.
Sonda müzakirə olunan məsələlərlə bağlı təklif və rəylər dinlənilib, suallar cavablandırılıb.