CƏMİYYƏT


Azərbaycanda əmək müqavilələrinin sayı 30 faiz artıb və bunun 75 faizi özəl sektorun payına düşür

Bakı, 8 dekabr, AZƏRTAC

Ölkəmizdə məşğulluğun genişləndirilməsi hökumət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və bu sahədə ardıcıl tədbirlər görülür. Son dörd ildən də az dövrün statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda əmək müqavilələrinin sayı 30 faiz artıb və bunun da 75 faizi özəl sektorun payına düşür. Əməkhaqqı fondu 93 faiz, orta əməkhaqqı 40 faiz, median əməkhaqqı 75 faiz artıb. Əlbəttə, bunların hamısı ölkədə həyata keçirilən siyasətin məşğulluq, əmək münasibətləri və sosial-iqtisadi sahəsində gördüyü tədbirlərin nəticəsində mümkün olub. Paralel olaraq məşğulluq orqanları tərəfindən 230 min nəfərdən artıq işə düzəlib, 36 min kiçik və mikro təsərrüfatlar yaradılıb və bu da minlərlə ailənin davamlı gəlir mənbəyinin yaradılması deməkdir. Bununla yanaşı məşğulluq sahəsində görüləsi işlər də çoxdur.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda jurnalistlərə verdiyi müsahibədə deyib.

Nazir fikrinə davam edərək bildirib: “Xüsusilə nəzərə alsaq ki, hər il ölkəmizdə 100 mindən çox gənc əmək bazarına daxil olur və onların sırasında ixtisaslı işçi qüvvələrinin sayı o qədər də geniş deyil, onda bu istiqamətə daha çox diqqəti artırmağın lazım olduğunu görərik. Həm ali təhsil, həm peşə təhsili məzunları, həm peşə hazırlığı məzunları və digər alətlərdən istifadə edərək işçi qüvvəsinin inkişafını yaxşılaşdırmalıyıq. Çünki məşğulluğun ikitərəfli istiqaməti var. Bir tərəfdən iqtisadiyyatın inkişafı nəticəsində xüsusilə özəl sektorda investisiyalar yatırılması və iş yerlərinin sayının artırılması, digər tərəfdən isə iş yerlərinə uyğun bacarıqlı və ixtisaslı kadrların hazırlanması lazım gəlir. Aktiv məşğulluq tədbirləri ilə əlaqədar dövlət tərəfindən aktiv məşğulluq tədbirləri həyata keçirilir. Həmin tədbirlərin elektronlaşdırılması, əlçatanlığının genişləndirilməsi və əhatə dairəsinin artırılması üçün də ardıcıl işlər aparılır.

Qeyd etmək istəyirəm ki, növbəti ildən əmək münasibətləri altsistemi, elektron məşğulluq reyestri, elektron məşğulluq xəritəsi, elektron əmək birjaları, elektron əmək yarmarkaları və digər platformalar vasitəsilə əhalinin aktiv məşğulluq tədbirlərini daha da genişləndirəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.