CƏMİYYƏT


Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüş olub VİDEO

Bakı, 22 may, AZƏRTAC

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev dünyada baş verən xoşagəlməz hadisələrin fonunda Azərbaycandakı sabitlikdən, multikultural və tolerant mühitdən danışıb.

İcma rəhbəri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən söhbət açıb. Bildirib ki, hələ işğaldan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif dini icmaların nümayəndələri mehriban şəkildə yaşayıblar. Ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra oradakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər. Digər tərəfdən, onlar Şuşadakı tarixi “Mamayi” məscidindən kilsə kimi istifadə edərək orada dini ayinlər icra edirlər. Bundan əlavə, xristian-katolik kilsələri də erməniləşdirilib. Ermənistan dünyada özünü “birinci xristian ölkəsi” kimi tanıtmağa çalışır. Özünü belə hesab edən ölkəyə məscidləri, kilsələri dağıtmaq yaraşarmı?!”, - deyə T.Gəncəliyev vurğulayıb. İctimai Birliyin sədri qeyd edib ki, Azərbaycan müxtəlif dini icmalara, o cümlədən ermənilərə aid abidələri qoruyub saxladığı halda, ermənilər işğal altında olan ərazilərimizdə xalqımıza aid qədim məscidləri, qəbiristanlıqları, ziyarətgahları dağıdırlar. O, dini icma rəhbərlərini ermənilərin bu vandalizm aktlarına səssiz qalmamağa çağırıb.

Rus Pravoslav Kilsəsi Bakı və Xəzəryanı Yeparxiyasının nümayəndəsi Konstantin Pominov Qarabağın Azərbaycan torpağı olduğunu, ermənilərin ərazi iddialarının əsasının olmadığını bildirib.

Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek Azərbaycanı müxtəlif dini icmaların birgə və mehriban yaşadıqları ölkə kimi xarakterizə edib. O, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktını pisləyib, dini məbədlərə hər hansı müdaxilənin yolverilməz olduğunu vurğulayıb.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili isə ermənilərin dini məbədləri özününküləşdirmək istəyindən söz açıb. O qeyd edib ki, ermənilər hər zaman dini-mədəni ibadətgahların mahiyyətini dəyişməyə cəhd ediblər.

Görüş müzakirələrlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.