İQTİSADİYYAT
“Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” adlı konfrans keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycan Fintex Assosiasiyası tərəfindən ölkədə ilk dəfə olaraq fintex ekosistemi üzrə “Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Maliyyə assosiasiyaları, həmçinin ölkəmizdə fəaliyyət göstərən fintexlər, banklar, habelə “Visa”, “Mastercard” ödəniş sistemləri, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə institutlarının iştirakı ilə baş tutub.
Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov tərəfindən ölkədə formalaşdırılmış fintex ekosistemi və onun iştirakçılarının əsas fəaliyyət istiqamətləri, bu sahədə əldə olunan nailiyyətlərə toxunularaq, Mərkəzi Bankın rəhbərliyi ilə həyata keçirilən islahatlar, ekosistem üzrə gələcək gözləntilər haqqında məlumat verilib.
Tədbir boyunca fərqli panellərdə dövlət qurumlarının, fintexlərin və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə fintex sahəsində qabaqcıl beynəlxalq trendlər və inkişaf istiqamətləri, sektor üzrə gələcəyə baxış mövzusunda müzakirələr aparılıb.