İQTİSADİYYAT
Azərbaycanda gənc proqramçılar cəmiyyəti yaradılıb
Bakı, 19 dekabr, AZƏRTAC
“Microsoft Azerbaijan” şirkəti dekabrın 19-da Bakıda ənənəvi “Proqramçı günü”nü qeyd edib. Yüzdən artıq informasiya texnologiyaları mütəxəssisi, tələbə və şagirdlərin iştirak etdiyi tədbir çərçivəsində gənc proqramçılar cəmiyyəti yaradılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Azerbaijan” şirkətinin strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev və təhsil proqramları üzrə meneceri Emin Axundov “Microsoft”un təhsil, sertifikasiya və biznesin inkişafı imkanları barədə məlumat veriblər.
Qeyd olunub ki, informasiya texnologiyaları bazarının tendensiyalarını nəzərə alaraq, “Microsoft” Korporasiyası “Windows Store” platforması üzərində şəxsi biznesin qurulması imkanını yaradır. Bu ilin iyul ayından Azərbaycan proqramçıları “Windows” və “Windows Phone Store” platformalarında pullu tətbiqlər yerləşdirmək imkanını əldə ediblər.
Tədbirdə informasiya texnologiyaları sahəsində gənc mütəxəssislərin karyera imkanları barədə məlumat verilib, masaüstü, mobil və bulud proqramları üzrə təcrübə mübadiləsi aparılıb.