CƏMİYYƏT
Azərbaycanda gənclər siyasəti istiqamətində çox vacib addımlar atılıb
Bakı, 2 fevral, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətində rayonun bir qrup fəal gənci ilə görüş keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon icra başçısı İlqar Abbasov bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş və məqsədyönlü gənclər siyasətindən ətraflı danışıb. Bildirib ki, bu siyasətin təməlində ümummilli lider Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar.
İ.Abbasov gənclərin təhsildə əldə etdiyi nailiyyətlərdən də söhbət açıb, həmin uğurların təməlində bu sahəyə göstərilən dövlət qayğısının, təhsil ocaqları üçün yeni binaların inşa olunmasının, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinin dayandığını qeyd edib, bu işdə böyük fədakarlıq göstərən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əməyini xüsusi vurğulayıb.
İcra başçısı gəncləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çağırıb. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti gənclərimizə bir örnəkdir. İlqar Abbasov bildirib ki, gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır. Bütün bunlar gənclərdə və bütövlükdə, cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Gənclər Evinin direktoru Natavan Rüstəmova, rayonun fəal gəncləri çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.