REGİONLAR
Azərbaycanda gənclər siyasətinin təşəkkül tapmasında Ulu Öndərin müstəsna xidmətləri olub
Qəbələ, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri və rolu vardır. Ümummilli Lider öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin vəfatının on səkkizinci ildönümü ilə əlaqədar dekabrın 8-də Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masada səsləndirilib.
Qəbələ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ekspozisiya zalında dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən guşələrə baxıblar.
Fəal gənclərin iştirak etdiyi tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən, gənclərlə iş və idman sahəsində gördüyü işlərdən danışıb. Vurğulanıb ki, Azərbaycanda gənclər siyasətinin təşəkkül tapmasında Ulu Öndərin müstəsna xidmətləri olub. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Ümummilli Liderin mənalı ömür yolu gənclər, gələcək nəsillər üçün əsl örnəkdir.
Dəyirmi masada idarənin aparıcı məsləhətçisi Mübariz Ağayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mahirə Kərimova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin rəhbəri Teymur Alşanov çıxış edərək, zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb, onun nurlu və əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Tədbirin sonunda dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.