CƏMİYYƏT
Azərbaycanda gənclər üçün böyük perspektivlər açılıb
Bakı, 2 fevral, AZƏRTAC
Qaradağ rayon Heydər Əliyev Mərkəzində 2 fevral – Gənclər Günü münasibətilə rayonun fəal gənclərinin yığıncağı keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov dövlət gənclər siyasəti ilə bağlı görülən işlər, Gənclər Günü münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verib. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışıb.
Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan gənclərinin beynəlxalq hərəkatdakı rolundan, ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki Azərbaycan diasporlarının fəaliyyətindən bəhs edib.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon Təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu məsələlərdən söz açıb.
Rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova iri sənaye rayonuna çevrilməkdə olan Qaradağda görülən quruculuq və abadlıq işlərindən, yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən danışıb. O, bu istiqamətdə gənclər üçün böyük perspektivlər açıldığını söyləyib.
Sonda gənclər arasında rayon, şəhər və ölkə birinciliklərinin qaliblərinə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə və təşkilatlara rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.