CƏMİYYƏT
Azərbaycanda gənclərə xüsusi diqqət və qayğı göstərilir
Bakı, 2 fevral, AZƏRTAC
Binəqədi rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün bu gün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib. O, bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu vurğulayıb. İcra başçısı gənclərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulayıb.
Sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli və başqaları ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən danışıblar. Onlar gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gənc Binəqədi Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.
Binəqədi rayonunda “Master-2” layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar verilib.
Tədbir bədii hissə ilə davam edib.