ELM VƏ TƏHSİL
Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində hüquqi baza yaradılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda respublika konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin məqsədi Azərbaycanda gender bərabərliyinin təmini məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva bildirib ki, gender bərabərliyinin təmin olunması aktual mövzu kimi bütün cəmiyyətimizin diqqət mərkəzindədir. Azərbaycan qadını bu gün cəmiyyətimizin inkişafı və müstəqilliyimizin möhkəmlənməsi naminə öz töhfələrini verir. Qadınlarımız bu gün təhsil və intellektual potensialına görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Azərbaycan qadınının bütün uğurlarının təməlində ümummilli lider Heydər Əliyevin qurduğu qadın siyasəti amili və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva isə yalnız ictimai-siyasi fəaliyyəti ilə deyil, həm də milli mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunmasında ardıcıl fəaliyyəti ilə bütün Azərbaycan qadınları üçün örnəkdir.
Rektor konfransda aparılacaq müzakirələrin dövlətimiz tərəfindən bu istiqamətdə aparılan siyasətə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUDK) sədrinin müavini Sədaqət Qəhrəmanova gender münasibətləri problemlərinin ailədə həll olunmasının vacibliyindən söz açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev gender bərabərliyinin təmin olunmasının konstitusion əsasları haqqında danışıb.
Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə müvəkkilin gender məsələləri üzrə müşaviri Lamiyə Zeynalova qeyd edib ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində hüquqi baza yaradılıb, amma problemlər hələ də qalır. Qadınlara qarşı sosial diskriminasiya və onların pozulmuş hüquqlarının bərpa olunması ombudsman aparatının daim diqqət mərkəzindədir.
Professorlar Rəna Mirzəzadə, Fuad Məmmədov, AQUDK-nın informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov genderin tarixi təşəkkülü haqqında danışıb, qanunların icra olunması mədəniyyətinin vacibliyini diqqətə çatdırıb, ölkəmizdə gender bərabərliyinin təmin edilməsi ilə bağlı statistik mənzərəni təqdim ediblər.
Plenar iclasda professorlar Rəna İbrahimbəyovanın və Asif Hacıyevin “Azərbaycanda gender münasibətlərinin tarixindən”, “Bədii yaradıcılığın gender aspektləri və feminist tənqid” mövzularında məruzələri dinlənilib.
Sonra konfrans işini “Gender tarixi”, “Ədəbiyyatda və dində gender problemi”, “Genderin hüquqi aspektləri” bölmələrində davam etdirib.
Konfransa yüzədək məqalə qəbul edilib və onun materialları toplu halında çap olunub.