CƏMİYYƏT


Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanılıb

Bakı, 25 noyabr, AZƏRTAC

25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) qadınlara qarşı zorakılıq məsələlərinin həlli istiqamətində 1,8 milyon ABŞ dolları dəyərində yeni layihəyə start verib.

AQUPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, USAID-in maliyyələşdirdiyi dördillik layihə, eyni zamanda, qadınların iqtisadi səlahiyyətləndirilməsini dəstəkləyəcək.

“Bu gün mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətə, COVID-19 pandemiyasına baxmayaraq, gender əsaslı zorakılıqla mübarizə sahəsində fəaliyyət davam etməkdədir. Ötən müddət ərzində gender bərabərliyinin təmin olunması, qadınların inkişafı istiqamətində bir sıra tədbirlər görülüb, qərarlar qəbul edilib. Gender əsaslı məişət zorakılığına qarşı mübarizəni daha operativ təmin etmək məqsədilə zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsinin optimallaşdırılması, qurbanların sığınacaqlara yerləşdirilməsinin asanlaşdırılması və digər məsələlər diqqət mərkəzindədir”, - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

USAID-in missiya direktoru Cey Sinqx qeyd edib ki, gender əsaslı zorakılıqdan danışarkən, çox vaxt diqqət qurbanlara, əsasən, qadınlara və qızlara yönəlir. Bundan daha çətin və əhəmiyyətli suallar var: “Cinayətkarlar kimlərdir?”. Bunlar əsasən kişilərdir. “Bəs nə üçün biz onların qadın və qızları məruz qoyduğu zorakılığı görməzdən gəlirik?”. Missiya direktoru hər kəsi gender əsaslı zorakılığın və məişət zorakılığının qarşısının alınması üçün onun baş verməsindən əvvəl daha fəal olmaq barədə düşünməyə çağırıb.

BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti vurğulayıb: “Bu gün layihənin əhəmiyyəti daha aktualdır. Bu layihə qadınların sağlamlıq, hüquq və sosial dəstək kimi vacib xidmətlərə əlçatanlığını təmin edəcək, eləcə də ölkədə qadınların iqtisadi səlahiyyətləndirilməsinin sürətlənməsinə töhfəsini verəcək. COVID-19 dövründə qadınların çiyinlərinə böyük yük düşür. Onlar məktəbə gedə bilməyən övladlarının təhsili ilə maraqlanmalı, eləcə də yaşlı ailə üzvlərinin qayğısına qalmalıdırlar. Qadınlar həm də ev təsərrüfatının gətirdiyi iqtisadi stresslə və artan sosial izolyasiya səbəbindən həmişəkindən daha çox məişət zorakılığına məruz qalma təhlükəsi altındadırlar”.

“Qadınlara və Qızlara dəstək olaq” layihəsi Qadın Resurs Mərkəzi ilə birgə işləyərək qadınlar və qızlara psixoloji xidmətlər, ailə məsləhətçiliyi təqdim edəcək, onlar üçün daha təhlükəsiz yerlər yaratmağa kömək göstərəcək. Mobil klinikalar vasitəsilə təqdim olunacaq bu xidmətlər, məişət zorakılığından əziyyət çəkmiş 1100 şəxsə dəstək olacaq.

Layihə Qadın Resurs mərkəzlərinin imkanlarını genişləndirəcək, bu isə öz növbəsində qadınların iqtisadi səlahiyyətləndirilməsini yeni səviyyəyə çıxaracaq. Bu müddətdə sahibkar qadınlara təlimlər və biznes məsləhəti xidmətləri təqdim ediləcək, özəl sektorla iş çərçivəsində isə peşə təlimi və təcrübə proqramları üçün yeni imkanlar yaradılacaq. Layihə çərçivəsində yerli və milli qərarverici qurumların daha düzgün və dəlil əsaslı qərarlar verməsi, məişət zorakılığı üzrə siyasətlərin hazırlanmasına dəstək məqsədilə Azərbaycan üzrə daha dəqiq məlumatları toplamağa kömək edəcək yeni araşdırmalar aparılacaq.

“Qadınlara və Qızlara dəstək olaq” layihəsi qadınlar üçün daha təhlükəsiz məkanların formalaşdırılması üçün ən son texnologiya vasitəsilə yeni tətbiq və platformaların yaradılması ilə innovasiyanın təbliğinə dəstək olacaq.

Həmçinin layihə icma əsaslı təlimlərin və müvəkkillik kampaniyalarının köməyi ilə qadınlara qarşı zorakılığın qarşısını almaq üçün davranışların və münasibətlərin dəyişməsi məsələləri üzrə də fəaliyyət göstərəcək.

Qadınlara və qızlara hər yerdə və hər zaman dəstək olmağın vaxtıdır.

#GücünüYoxSevginiGöstər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.