“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib
AzerTAg.az
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən reallaşdırılan “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı üzrə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında icra edilən layihə çərçivəsində keçirilib.
“Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Zərifə Məmmədli tədbirdə çıxış edərək bildirib ki, konfransın məqsədi genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəb müəllimlərinin, müvafiq sahədə ekspertlərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaqdır. Eyni zamanda, genderyönümlü pedaqogika üzrə məzmunun pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəblərin ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etmək də konfransın hədəfindədir.
Tədbirdə təhsil sistemi vasitəsilə gender məlumatlılığının artırılması və gender stereotiplərinin aradan qaldırılması məqsədilə “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində həyata keçirilən maarifləndirici tədbir və təlimlərdən söz açılıb. Qeyd edilib ki, ölkəmizdə gender stereotiplərinin aradan qaldırılması, gender bərabərliyinin təşviqi, gender bərabərliyinə əsaslanan təhsil siyasətinin inkişafı “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətində mühüm istiqamətlərdən biridir və aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində müxtəlif layihələr icra edilir.
Konfransa onlayn qatılan BMT-nin Qadınlar üzrə Agentliyinin EU4GE regional proqram menecerinin vəzifəsini icra edən Dilara Büyüktaş, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin proqram rəhbəri Səbinə Manafova, Təhsil İnstitutu direktorunun müavini Ülkər Babayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov layihə çərçivəsində görülən işlərdən və əldə olunan nəticələrdən danışaraq, layihənin ölkəmizdə genderə həssas təhsil mühitinin inkişafında əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, konfrans və burada səslənən təkliflər ölkəmizdə genderə həssas təhsil mühitinin inkişafına töhfə verəcək.
Təhsil İnstitutunun şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva “Ümumi təhsildə müəllim hazırlığında genderyönümlü yanaşmalar”, monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Şahanə Məmmədli “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” təlimində iştirak edən müəllimlərin nəticələrinin təhlili”, Bakı Dövlət Universitetinin gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə “Ali təhsil səviyyəsində genderyönümlü pedaqogika: Azərbaycan nümunəsi” mövzularında çıxışlar edərək layihə çərçivəsində görülən işlərlə bağlı məlumat veriblər.
Tədbirdə “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində görülən işlərə dair videotəqdimat, hər bir şagirdə öz potensial və bacarıqlarına uyğun sərbəst peşə seçimi edərək uğurlu karyera qurmalarına yardımçı olmağı təşviq edən sosial videoçarx nümayiş etdirilib.
Konfrans işini “Genderyönümlü tədris prosesi”, “Genderyönümlü tədris və öyrənmə materialları” və “Genderə həssas təhsil mühitinin təşviqi üçün maraqlı tərəflərin cəlbi və müvəkkillik” mövzularında panel iclasları ilə davam etdirib. Panel iclaslarında çıxış edən Azərbaycan, Türkiyə və Gürcüstandan olan məruzəçilər ümumi və ali təhsil səviyyələrində gender bərabərliyinin aşılanması, erkən uşaqlıq dövründə inkişafda genderyönümlü yanaşmanın əhəmiyyəti, tədris materiallarının gender aspekti nəzərə alınmaqla hazırlanması, bu sahədə aparılan tədqiqatlar və əldə olunan müsbət nəticələr, müvafiq sahədə yerli və beynəlxalq nümunələr, təhsil mühitində gender bərabərliyinin təşviqi üçün effektiv kampaniyalar, təhsil siyasəti və qanunvericiliyində gender məsələlərinin nəzərə alınmasının vacibliyi və digər mövzulara toxunublar.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.














Xəbərin mətnində orfoqrafik səhv var