ELM VƏ TƏHSİL
“Azərbaycanda həyat keyfiyyəti – 2018” kitabı çapdan çıxıb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda “Azərbaycanda həyat keyfiyyəti – 2018” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədilə institutda gerçəkləşdirilən ilk tədqiqatın nəticələrini əks etdirir.
Qiymətləndirmələr iqtisadiyyat institutunun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi əsasında aparılıb. Tədqiqat ölkənin 8 iqtisadi rayonu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir.
Araşdırma və ümumən bu tipli bölgələrarası müqayisələr mühüm elmi-nəzəri məsələlərin həllinə kömək etməklə yanaşı, praktik əhəmiyyət də daşıyır. Onların nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.
AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru institutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir.
Kitabın müəllifləri professor Nazim Müzəffərli, iqtisad üzrə fəlsəfə doktorları, dosent Pərviz Həsənov, Bəhruz Əhmədov, məsləhətçiləri professor Akif Musayev, iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayevadır.